Daha iki məşəl estafeti keçirildi

Mayın 9-da, şənbə günü, məşəl estafetini ölkənin cənub-qərbində Mil düzündə yerləşən, 1939-cu ildə keçmiş SSRİ rəhbərlərindən birinin şərəfinə Jdanov rayonu adlandırılsa da, 1989-cu ildə tarixi adı bərpa edilmiş Beyləqan rayonu qəbul etdi.

Ərazisi 1,13 min km2, əhalisinin sayı 90 min nəfər olan Beyləqanın əsası IV əsrdə qoyulub və Qədim İpək yolu üzərində yerləşdiyindən geniş əlaqələrə malik olub. XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mücrəddin Beyləqaninin, Sosialist əməyi qəhrəmanları Sevil Qazıyevanın, eləcə də haqqında əfsanələr gəzən Sovet İttifaqı qəhrəmanı Gəray Əsədovun doğulduğu torpaq kimi tanınan Beyləqanın, nəticələri ilə seçilən idmançıları da az deyil. Onlar arasında yunan-Roma güləşi üzrə yeniyetmələr, gənclər və ustalar arasında dünya və Avropa çempionatlarında fərqlənmiş Eldəniz Əzizli xüsusi qeyd oluna bilər.
Günorta saatlarında məşəl estafeti magistral küçəsində başlamaqla, 31 Mart – Azərbaycanlıların soyqırımı abidəsinin önündən keçməklə, məşhur Sosialist əməyi qəhrəmanı Sərdar İmrəliyevin adını daşıyan küçə ilə davam etdi. Əmək veteranları parkının qarşısından sonra Heydər Əliyev prospekti ilə daşınan məşəl ümumən, 3,12 km-i əhatə edərək, milli liderin adını daşıyan parkda qurulmuş səhnə önündə tamamlandı. Estafeti məşqçi-müəllim Əli Sarıyev başlatdı. Məktəblilər Nigar Sadıqlı, İlkanə Qəhrəmanlı, Gülşən Cahidli, Günel Bəndəliyeva və Türkanə Mehdiyevadan sonra estafeti idman təmsilçiləri - məşqçilər İlham Quliyev (cüdo) və Sahib Nəsibov (taekvondo) davam etdirdilər. Gənc sərbəst güləşçilər arasında dünya və Avropa çempionatının medalçısı Bəxtiyar İsrafilli də məşəlçilər arasında idi. Son yürüş məsafəsini qət edən məşqçi-müəllim Nofəl Hüseynovun səhnəyə çıxaraq, yandırdığı çırağı rayon ictimaiyyətinə 9-cu sinif şagirdi Fatimə Kazımlı təhvil verdi.
Bayram ovqatına bürünmüş parkda məşəlçilər qarşılandıqdan sonra yerli əhali ilə görüş keçirildi, yerli sənətkarların, yetişən idmançılar nəslinin nümunəvi çıxışları izlənildi, Bakı 2015-in canlı rəmzləri ilə şəkillər çəkdirildi.
Məşəl estafetinin iştirakçısı olmuş Nofəl Hüseynov təəssüratlarını paylaşdı: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə çox sevinirəm. Bizə - idman ictimaiyyətinə bu, ikiqat sevinc, fəxrdir. Axı, Oyunlar bütün Avropa üçün böyük başlanğıc olsa belə, ilk növbədə, böyük idman bayramıdır, idman həvəskarlarının yaxından izləyəcəyi hadisədir. Bu yürüşə qatıldığıma görə və rayonumuzda bu etimadın göstərildiyi 10 nəfərdən biri olduğum üçün sevincim, hiss-həyəcanım hədsizdir. Sanki güləş döşəyi üzərində yenidən məsuliyyətli sınağa, imtahan verməyə çıxmışam. Bir sərbəst güləş mütəxəssisi kimi, pəhləvanlarımızın çıxışını izləyib, onlara yaxından dəstək olmağa çalışacağam\".
Məşəl estafeti iştirakçılarının rayonla tanışılığı idman obyektləri ilə davam etdi. Beyləqanda idmanın inkişafında xüsusi rolu olan 1984-cü ildən fəaliyyətə başlamış şahmat məktəbi və ardınca 3 min tamaşaçı tutumu olan və ötən il əsaslı təmir edilərək müasir standartlar səviyyəsində yenidən qurulmuş Mərkəzi şəhər stadionunda məşəlçi qrupla görüş keçirlidi, xatirə şəkilləri çəkdirildi.
Sonra, Bakı 2015 Alovu Xocavəndli məcburi köçkünlər üçün, Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsinə yollandı.
Xocavənd sakinlərinin gurultulu alqışlarının müşayiəti ilə estafeti məşhur peşəkar döyüşçü pəhləvanlar Abbasov qardaşlarından biri başlayıb, digəri başa çatdırdı. Pankration, sambo, döyüş sambosu, ciu-citsu və əlbəyəxa döyüş növləri üzrə dünya çempionu Bəxtiyar Abbasov öncə qaçdı. Təqaüdçü-aqronom Murad Quliyev, şaolin döyüş sənəti üzrə məşqçi-müəllim Elvin Səfərov, sahibkar Əbülfət Hüseynov, ictimai fəallar Müşfiq Hüseynov və Davud Tahirov, informasiya təhlükəsizliyi üzrə menecer Babək Hüseynov, əmtəəşünas Fərhad Tahirov, Bakı 2015-in rəsmi tərəfdaşı “Nar Mobile”ın nümayəndəsi Ruslan Hüseynov, bədən tərbiyəsi və idman müəllimi Taleh Mirzəyev davam etdirdilər. Son məşəlçi pankration və döyüş sambosu üzrə dünya çempionu, GEFC Qarışıq Təkbətək Döyüşlər Beynəlxalq Liqasının vitse-prezidenti Şəhriyar Abbasov Bayraq meydanında quraşdırılmış səhnəyə qalxaraq, Bakı 2015-in rəmzi çırağını alovlandırdı. Orta məktəbin 11-ci sinif Aytac Rüstəmli çırağı ictimaiyyətə təqdim etdi.
Məşəlçi Şəhriyar Abbasov ürək sözlərini belə ifadə etdi: “Məşəl estafetinin Xocavəndə gətirilməsinə, bu böyük idman sevincinin tərkib hissəsi olmağımıza görə sevinirik və hədsiz qürur hissi duyuruq. Beləcə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə biz də tarixə xüsusi sətirlə düşdük. Bu böyük sevinci bizə bəxş etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Çünki məhz onun düzgün iqtisadi və siyasi kursunun nəticəsidir ki, bu gün Avropanın belə böyük bir idman tədbirini təşkil etmək Azərbaycana həvalə olunur. Bu bayram münasibətilə hər kəsi təbrik edirəm və idmançılarımıza uğurlar arzulayıram”.
Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.
Məşəl estafeti sabah, mayın 10-da Ağcabədiyə səyahətini başa vurduqdan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində davam edəcək və orada möhtəşəm Alov Festivalı ilə daha bir günə yekun vurulacaq.

Daha iki məşəl estafeti keçirildi

Məqalə Qiyməti