KİVDF-dən jurnalistlər üçün müsabiqə

:
 


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib

KİVDF-dən AzVision.az-a verilən məlumata görə, Fondun Müşahidə Şurasının iclasında müsabiqə mövzularının müzakirəsi aparılıb.

Müşahidə Şurasının üzvü Vüqar Əliyev media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklərin edilməsinin zəruriliyini bildirib. O, müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilməsini təklif edib. Qaliblərin müəyyənləşdirilməsi ilə bağlı mövcud müsabiqə şərtlərinə yenidən baxılması, hər istiqamət üzrə ümumilikdə 6 qalibin müəyyənləşdirilməsinin daha məqsədəuyğun sayıldığı bildirilib.

Müsabiqədə hər istiqamət üzrə birinci yer üçün 500 manat olmaqla 1, ikinci yer üçün 300 manat olmaqla 2, üçüncü yer üçün 200 manat olmaqla 3 mükafatın verilməsi təklif edilib. Bu halda Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 nəfər jurnalistin faydalana biləcəyi diqqətə çatdırılıb.

Sonra təkliflər ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının üzvlərindən Vüqar Rəhimzadə, Bəxtiyar Sadıqov, Faiq Qurbanov, Rəşad Məcid, İntiqam Hümbətov irəli sürülmüş təklifləri dəstəkləyiblər. Kütləvi informasiya vasitələrinin sürətli inkişafı şəraitində Fond tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin şərtlərində də bəzi əlavə və dəyişikliklərin edilməsinin zəruriliyi vurğulanıb. Qeyd edilib ki, irəli sürülən təkliflər jurnalistlərə müsabiqənin elan edilmiş istiqamətləri üzrə sərbəst yazılar işləmələrinə, habelə müsabiqənin yekun nəticələrindən faydalanan jurnalistlərin sayının artmasına imkan verəcək.

Daha sonra irəli sürülən təklif əsasında Fondun fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə edilib. Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının sədri Umud Mirzəyev, şura üzvləri Rəşad Məcid və Vüqar Əliyev mövcud qaydalara dəyişiklikləri nəzərdə tutan bəzi təkliflər irəli sürüblər. Müzakirələrin yekunu kimi müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklərin olunması barədə qərar qəbul edilib.

İclasda cari məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb. Fondun icraçı direktoru V.Səfərli qurumun gördüyü işlər və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.

Məqalə Qiyməti