Sərinləşdirici içki adı ilə görün bizə nələr içizdirirlər


Şüşələr kustar üsulla hazırlanmış vannalarda, antisanitar şəraitdə yuyulur

Yay mövsümünün gəlişi sərinləşdirici və spirtsiz içkilərə tələbatı artırıb. Lakin mövcud bazara çıxarılan sərinləşdiricilərin böyük əksəriyyəti kefiyyətsiz və insan həyatı üçün təhlükə doğurur. Bunu Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinin apardığı reyd deməyə əsas verir.

Kəpəz TV xəbər verir ki, Komitənin Gəncə Ərazi İdarəsinin əməkdaşları Gəncədə, Şəmkirdə, Ağstafada və Qazaxda fəlaiyyət göstərən müxtəlif adda sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan sexlərdə yoxlama aparıblar. Reyd zamanı əksər istehsal sahələrində məhsulun ilkin mərhələsindən tutmuş qablaşdırılmasına qədər aparılan prosedurda ciddi nöqsanlar aşkarlanıb.

Keçirilən reydə, əsasən, müəssisədə təkrar istifadə üçün nəzərdə tutulan şüşə butulkaların yuyulma qaydasına düzgün riayət edilmədiyi aşkarlanıb. Şüşələr kustar üsulla hazırlanmış vannalarda, antisanitar şəraitdə yuyulur.
Bundan başqa sexlərdə içkilərin hazırlanması üçün istifadə olunan suların, eləcə də digər yardımçı komponentlərin mənşəyi də məlum olmayıb. Bəzi sexlərdə hətta içkilərin istifadə tarixi də düzgün göstərilməyərək istehlakçılar aldadılır.
“Alkaqolsuz içkilərin saxlanılması müddəti 90 gün olmur. Bu suların saxlama müddəti 7 - 21 gündür”.
Aparılan reyd zamanı standartın tələb və normalarına cavab verməyən məhsulların satışına qadağada qoyulub.

Fuad Nağıyev, SMPD K-nin Gəncə Ərazi İdarəsinin əməkdaşı: “Göründüyü kimi bəzi istehsal sahələrində hazırlanan məhsullar standartın tələb və normalarına cavab vermir. Bunların hazırlanma şəraiti və texnoloji təlimatları yoxdur. Bundan başqa içkilər qeyri-standart şəraitdə hazırlanır, sexlərdə antisanitar şərait hökm sürür. Bunula bağlı tərəfimizdən müəssisələrə məhdudlaşdırıcı tədbirlər tətbiq olunub”.

Qeyd edək ki, reyd zamanı sərinləşdirici və spirtsiz içkilərin istehsalı ilə məşğul 5 sahibkarlıq subyektinə inzibatı qaydada cərimə sanksiyaları tətbiq olunub.

Məqalə Qiyməti