Mingəçevirdə 2 yaşlı Yağmuru atan anası üzə çıxdı

: 2 yaşlı yağmur
2 yaşlı yağmur

Körpə qızını parkda müvəqqəti saxlamaq adı ilə tanımadığı adama verərək,  qaçan qadının kimliyi məlum olub.

 

Mingəçevir şəhərinin Nizami küçəsində müvəqqəti məskunlaşan 42 yaşlı Xuraman Bağırova 20 gün öncə azyaşlı uşağını parkda tanımadığı bir qadına verərək qaçmışdı. Ananın qayıtmadığını görüb, uşağı Polis Şöbəsinə təhvil verən Gülbahar Binnətovanın dediyinə görə, o uşağın anası ilə parkda görüşüb: “O, mənə dedi ki. Mingəçevirdə kirayə evdə yaşayır və indi başqa mənzilə köçür, amma uşaq evi yığışdırmağa imkan vermir. Məndən uşağa bir-iki saat ərzində baxmağı xahiş etdi və dedi ki, işini qurtarandan sonra gəlib onu götürəcək”.

Polis əməkdaşları isə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə birgə uşağı Mingəçevir Uşaq  Nevroloji Sanatoriyasına  yerləşdirmişdilər.

Sanatoriyanın baş həkimi Fəxrəntac Hüseynovanın dediyinə görə, uşağın sənədi olmadığına görə onun adı, soyadı, valideynlərinin kimliyi və yaşı da məlum deyildi:  “Biz ona Mələk adı ilə sənəd açdıq. Uşağı müayinə etdik. Səhhətində heç bir xəstəlik müşahidə olunmadı. Beləliklə uşaq 20 gün ərzində bizim sanatoriyada yaşadı. Bu müddətdə uşaq anasının yolunu gözləyir, hər gün “ana”, “nənə” deyərək ağlayırdı”.

Sanatoriyadan aldığımız məlumata görə, Xuraman Bağırova  üzə çıxaraq, uşağını götürüb: “O, 20 gün öncə Bakıya müalicə olunmağa gedərkən uşağını bir qadına verdiyi dedi. Övladının adının Yağmur olduğunu bildirdi. Sənədlə dəqiqləşdirilmə aparıldıqdan sonra uşaq anasına verildi.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Məqalə Qiyməti