Min adamdan yalnız 44-ü iş tapa bilib

Fərman Nəbiyev: Əmək yarmarkası
Əmək yarmarkası

6 ay əvvəl “Azinkoda” işini itirən 56 yaşlı Mehdi Budaqov dərdini “Mingəçevir işıqları”nın müxbirinə danışıb

 

İş tapmaq arzusuyla noyabrin 6-da Mingəçevirdə keçirilən əmək yarmarkasına 1000 nəfərə yaxın adam toplaşıb. Əksəriyyəti gənclər olan bu ordunun içərisində orta nəslin nümayəndələri də az deyildi.

“Azinkoda” çalışırdıq. 400-500 işçini ixtisara saldılar. 6 aydan artıqdır ki, işsiz oturmuşuq. İş fəaliyyətimizə xitam verəndə isə iş günlərimizi düz hesablamadılar. Ailənin yanında pis vəziyyətdə qalmışıq. Bizimlə heç kim maraqlanmır”.

Bu fikirləri 56 yaşlı Mehdi Budaqov, onun iş yoldaşları Qara Heydəov və  Əli Əliyev səsləndiriblər. Mingəçevir Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədov da bu il başqa illərə nisbətən daha çox vətəndaşın işdən azad olunduğunu nəzərə çatdırıb: “Sumqayıt Texnologiya Parkı və Müəllimlər İnstitutunun Mingəçevir filialının bağlanması, “Azəriqaz”ın başqa regiona köçürülməsi nəticəsində Mingəçevirdə işsizlərin sayi artdi. Banklarda və digər müəssisələrdə ixtisarlar işçi sayının azalmasına səbəb oldu. Yeni iş yerləri isə açılmır. İnsanların banklara borcu var”.

İ.Məmmədovun dediyinə görə, bu dəfəki əmək yarmarkasında 31 müəssisə 147 boş iş yeri təklif edib: “Bu müəssisələrdən 7-si qeyri-dövlət, 21-i dövlət, 2-si fiziki şəxs və 1-i xarici təşkilatdır. İşəgötürənlər  yeni iş yerləri üçün 115 manatdan 340 manatadək əmək haqqı veriləcəyini bildiriblər”.

“Kosmos” sarayında təşkil olunmuş yarmarkada iş üçün müraciət edənlərdən 44-ü öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar.

Noyabrın 21-də Mingəçevirdə tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı tədbir də keçiriləcək.

Məqalə Qiyməti