Gənclər social məsələlərin həllində incəsənət vasitələrindən istifadə edir

: Gənclərin sosial mövzulara həsr etdiyi təşəbbüslərin təqdimat mərasimi
Gənclərin sosial mövzulara həsr etdiyi təşəbbüslərin təqdimat mərasimi

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyilə həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi”  layihəsi çərçivəsində gənclərin sosial mövzulara həsr etdiyi təşəbbüslərin təqdimat mərasimi Landmark otelində baş tutub. İctimaiyyət üçün açıq olan təqdimat mərasimində “İnkişaf zamanı” proqramının tərəfdaşları, təlimçiləri,  iştirakçıları, mentorları və xarici ölkələrin ölkəmizdəki missiyasının nümayəndələri  iştirak ediblər.

İnkişaf Zamanı proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi”  layihəsinin başlıca məqsədi social məsələlərin həllində incəsənt vasitələrindən istifadə edilməsinin təşviqidir.

Açılışda qonaqları salamlayan “İnkişaf Zamanı” proqramının əlaqələndiricisi Nailə İsmayılova iştirakçılara proqram haqqında ətraflı məlumat verib və gənclərin həyata keçirdiyi sosial təşəbbüslərin əhatə dairəsindən danışıb. Proqram iştirakçılarını salamlayan ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə müşaviri xanım Heidi Smith gənclərin sosial məsələlərin işıqlandırılmasında fəal iştirakının əhəmiyyətindən danışaraq qeyd edib ki, bu, həm gənclərin, həm də ölkənin inkişafında əhəmiyyətli məqamdır.

MitOst Assosiasiyasının proqram rəhbəri Sebastian Wehirsig gənclərin toxunduğu məsələlərin ölkə üçün əhəmiyyətli olduğunu vurğulayıb və gənclərin sosial məsələlərin həllində rolunun əhəmiyyətli olduğunu qeyd edib.

Daha sonra proqram iştirakçıları həyata keçirdikləri sosial təşəbbüsləri incəsənət nümunələrindən istifadə etməklə tədbir iştirakçılarının diqqətinə çatdırıblar. “İncəsənət Sosial İnkişafda vasitə kimi” layihəsi çərçivəsində gənclərdən ibarət 10 komanda işləyib və komandalar bir sıra sosial məsələlər, o cümlədən ekoloji, sosial bərabərsizlik, fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası, heyvanlara qayğı, qadın bərabərliyi, valideyn himayəsindən məhrum olan uşaqlarla iş, və s. mövzularda tədbirlər keçirib, mövzuya dair sosial-çarxlar hazırlayıblar. Təşəbbüslər Bakı da daxil olmaqla Azərbaycanın bir sıra rayon və şəhərlərində həyata keçirilib.

Sonda iştirakçılar diplomlarla təltif olunub və rəsmi olaraq proqramın 175 nəfərə yaxın gəncdən ibarət  məzun şəbəkisinə daxil olublar. Tədbir xatirə fotosu ilə yekunlaşıb.

Məqalə Qiyməti