“Banu” I Beynəlxalq Troya festivalından diplom və hədiyyələrlə qayıtdı

: Türkiyənin Çanaqqala şəhərində 2018-ci il aprelin 20-dən 24-dək I Beynəlxalq Troya  Uşaq Xalq Rəqsləri Festivalı keçirilib
Türkiyənin Çanaqqala şəhərində 2018-ci il aprelin 20-dən 24-dək I Beynəlxalq Troya Uşaq Xalq Rəqsləri Festivalı keçirilib

“Biz festivalın açılış mərasimində, habelə Bigə şəhərində və Çanaqqala bulvarında  digər ölkələrdən gəlmiş  rəqs qrupları ilə yanaşı çıxışlar etdik. Festival gənc rəqqasların əsl dostluq, qardaşlıq ünvanına çevrildi. Bizi hər yerdə böyük hərarət və sayğı ilə qarşılayırdılar. Festivalda Çanaqqala şəhərinin valisi, Bələdiyyə başqanı və digər rəsmi şəxslər də iştirak edirdilər. Tədbir Türkiyənin  ATV kanalı ilə canlı yayımlanırdı. Azərbaycanı təmsil edən “Banu” rəqs kollektivi  təşkilat komitəsi tərəfindən  diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Biz Türkiyə səfərindən zəngin təəssüratlarla qayıtdıq”.

Bu fikirləri qəzetimizə Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin  direktoru Etibar Əliyev deyib. Onun bildirdiyinə görə, YUNESKO  tərəfindən  Troya ili elan olunması münasibətilə Türkiyənin Çanaqqala şəhərində 2018-ci il aprelin 20-dən 24-dək I Beynəlxalq Troya  Uşaq Xalq Rəqsləri Festivalı keçirilib. Festivala dəvət alan “Banu” rəqs kollektivi dörd gün ərzində Çanaqqalanın müxtəlif yerlərində düzənlənmiş konsert proqramlarında uğurla çıxış edib: “Festivalda 20 dövləti 30 rəqs kollektivi təmsil edirdi. Ev sahibi olan Türkiyə ilə yanaşı Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Bolqarıstan, Moldova, Ukrayna, Nepal, Makedoniya, Albaniya, Rumıniya, İndoneziya və digər ölkələrin  rəqs kollektivləri rəngarəng ifaları ilə iki mindən çox tamaşaçı auditoriyasını valeh edə bildi”.

 “Banu”nun  24  üzvü var. Onlar bu il 25 yaşı tamam olan  Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbinin şagirdləridir. Məktəbdə fortepiano, xalq çalğı alətləri, xanəndəlik, rəssamlıq  və  xoreoqrafiya  şöbələri fəaliyyət göstərir. Məzunların əksəriyyəti ali və orta ixtisas musiqi məktəblərində  təhsillərini uğurla davam etdiriblər.  

Məqalə Qiyməti