“Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi”

: MTK-da  “Dahi bəstəkar Qara Qarayevin  dünya incəsənətində mövqeyi” mövzusunda konfrans keçirilib
MTK-da “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi” mövzusunda konfrans keçirilib

Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib. “Dahi bəsəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi”  mövzunda elmi-nəzəri konfrans  həftələrdir ki, görkəmli bəstəkarın 100 illik yubleyi münasibəti ilə keçirilən silsilə tədbirlərin zirvə nöqtəsi kimi yadda qalıb. Bu müddətdə pedaqoq və istedadlı tələbələrin iştirakı ilə  kitab sərgisi, intelektual bilik yarışması, inşa və rəsm müsabiqəsi, eləcə də şahmat turniri baş tutub.

Öncə konfrans iştirakçıları görkəmli bəstəkarın yaradıcılığına həsr olunmuş rəsm və əl işləri sərgisinə baxış keçirib. Sərgi təşkilatçıları və  gənc müəlliflərlə maraqlı  yaradıcı dialoq qurulub. Ardınca elə sərgi məkanında  quraşdırılmış xüsusi monitor vasitəsi ilə dahi bəstəkar Qara Qarayevin ömür yolundan bəhs edən sənədli filmə baxış keçirilib.

Daha sonra iştirakçılar “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi” mövzusunda  keçirilən elmi-nəzəri konfransda bir araya gəlib. Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  bu yubileyin təhsil müəssisəsinin həyatında unudulmaz tarixi hadisə olduğunu bildirib: “Elə şəxsiyyətlər var ki, xalqına, dövlətinə, hətta bəşəri dəyərlərə verdiyi xidmətlərinə  görə tarixi simalar sırasında  əbədilik qazanır. Bu mənada dahi bəstəkar Qara Qarayev təkcə Azərbaycan deyil, bütövlükdə dünya mədəniyyətinin və incəsənətinin  qızıl fonduna daxil olan yaradıcı şəxsiyyətlərdən biridir. Milli, klasik, müasir musiqi janrlarının dərin bilcisi, görkəmli bəstəkar, ünlü drijor, böyük pedaqoq, musiqi dünyasının tanınmış tədqiqatçı akademiki kimi şərəfli  yaradıcı ömür yolu keçmiş Qara Qarayevin xidmətləri undulmazdır. Avropa, Asiya, Amerika qitəsində verdiyi  möhtəşəm konsertlər, əsərlərinin təqdimatı, tanınmış münsif kimi  beynəlxalq festifallarda iştirakı onu ölməz sənətkar kimi tarixin hafizəsinə həkk edib. Milli musiqininin Avropa musiqisinə uğurlu inteqrasiyası kimi dəyərləndirilən əsərləri, xüsusi ilə də “Yeddi gözəl”, “İldırımlı yollarla” baleti və digər əsərləri  sənət inciləri kimi ürəkləri fəth edib. Belə bir görkəmli şəxsin Azərbaycan xalqının övladı olması iki qat qürurverici faktdır. Onun biri-birindən  dəyərli əsərlərini, tədqiqat işlərini öyrənib öyrətmək biz pedaqoqlar üçün başucalığına çevrilməlidir.”

Konfransda  pedaqoqlardan Kifayət Əliyeva, Elnarə İsmayılova, Aybəniz Əliyeva və  Əşrəf Əsgərov “Qara Qarayevin ölməz irsi”, “Qara Qarayevin kamera və vokal əsərləri”, “Musiqi ilə xalqları yaxınlaşdıran bəstəkar” və “Qara Qarayevin həyat və yaradıcılığı” mövzularında  məruzələr ediblər.

Konfrans mükafatlandırma mərasimi  ilə davam etdirilib. Dahi bəstəkarın 100 illik yubileyi münasibəti ilə kollecdə təşkil olunmuş əl işləri  və inşa müsabiqələrinin, eyni zamanda şahmat turniri və intelektual bilik yarışmasının qaliblərinə fəxri fərmanlar təqdim olunub. Kollecin istedadlı tələbələri Kazımov  Kənan Hafiz oğlu, Mustafayeva Aygün  Akif qızı, Paşazadə İlahə Rizvan qızı,  Allahquluzadə Qənirə Mübariz qızı, Cəfərli  Pərviz  Aslan qızı , Qasımov Emin Mübariz oğlu və  Əliyev Orxan Elxan oğlu mükafat alanlar sırasında olublar.

Mükafatlandırma mərasiminin ardınca tələbə özfəaliyyət qrupunun üzvləri  dahi bəstəkarın yaradıcı incilərindən nümunələri ifa ediblər. 

Məqalə Qiyməti