Ella Yaqubovanın 50 illik tamaşası

: Aktrisa  Ella Yaqubovanın anadan olmasının 70  və səhnə fəaliyyətinin 50 illik yubiley mərasimində
Aktrisa Ella Yaqubovanın anadan olmasının 70 və səhnə fəaliyyətinin 50 illik yubiley mərasimində

Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar artisti, “Qızıl Dərviş” mükafatı laureatı,  aktrisa  Ella Yaqubovanın anadan olmasının 70  və səhnə fəaliyyətinin 50 illik yubileyləri təntənə ilə qeyd olunub. Bu  münasibətlə tanınmış rejissor Bəhram Osmanovun quruluş verdiyi  yubiley mərasimi iki saat yarımlıq tamaşaya çevrilib. Yerli İcra Hakimiyyəti baçsısının Fəxri Fərmanına, Mədəniyyət Nazirliyinin və onun regional şöbəsinin mükafatlarına layiq görülən aktrisanı Bakı, Gəncə, Ağdam teatrlarının, çalışdığı kollektivin, şəhər ictimaiyyətinin nümayəndələri də xoş sözlər, bahalı hədiyyələr, gül-çiçək dəstələri və alqışlarla qucaqlayıblar.

Səhnəyə addımlarını Gəncə teatrından başlayan  Ella xanım  cəmi bir ildən sonra Mingəçevirə gəlib və o vaxtdan-1968-ci ildən  MDDT-da bir-birindən fərqli obrazlara həyat verib. Yaşının indiki çağında da istənilən rolları məharətlə ifa etməyi bacaran aktrisa həm də teatrın nəzdində gənclər üçün yaradılan studiyaya rəhbərlik edib. Bu gün tamaşalarda Ella xanımın tərəf müqabili olan gənclərin əksəriyyəti məhz onun yetirmələridir.

Yubiley axşamında Ella Yaqubovanın vaxtilə oynadığı “Bayramın birinci günü”, “Ana” və digər tamaşalardan  çəkilmiş kadrlar nümayiş etdirilib. Eyni zamanda aktrisanın iştirakilə son illərdə ərsəyə gələn “Lənkəran xanının vəziri”, “Müfəttiş”, “Nənələr ərə gedir” tamaşalarından parçalar oynanılıb. Tədbir boyu Azərbaycanın, o cümlədən Mingəçevirin  tanınmış  incəsənət xadimləri yubilyarı  şən mahnıları ilə təbrik ediblər.

Məqalə Qiyməti