MTK-da Bülbülün 120 illik yubileyi qeyd olunub

: MTK-da Bülbülün 120 illik yubileyi
MTK-da Bülbülün 120 illik yubileyi

Mingəçevir Turizm Kollecində Azərbaycan vokal sənətinin banisi Bülbülün anadan olmasının 120 illik yubileyi qeyd edilib. Silsilə tədbirlərlə anılan  yubiley mərasimində tələbələrin əl işləri və ən yaxşı ifaçı müsabiqələri maraqlı sənət nümunələrinin ortaya çıxmasına və gənclər arasında yeni istedadların aşikar edilməsinə səbəb olub.

Görkəmli sənətkarın şərəfli ömür yolu və əsrarəngiz yaradıcılığı barədə ətaraflı məlumat verən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Bülbülü Azərbaycan İncəsənətinin xəzinəsi adlandırıb: “Bülbül  sadəcə ifaçı deyildi, o, hər kəsin böyük ustalıqla  ifa etmək iqtidarında olmadığı  çətin musiqi janrlarının bilicisi və mahir ifaçısı idi. Hələ Azərbaycan Dövlət Opera və Balet Teatrında yaratdığı İbn Salam, Aşıq Qərib, Koroğlu, Kərəm obrazları qibtə olunacaq sənət salnaməsidir. Çoxsaylı romanslar, muğam nümunələri və xalq mahnıları məhz onun ifasında əsl zirvə nöqtəsinə yetişib. Eyni zamanda Bülbül istedadlı pedaqoq və tədqiqatçı kimi uğurlu həyat yolu keçib. İllər, əsrlər keçsə də onun valehedici səsi hafizələrə mənəvi rahatlıq bəxş edəcək.”

Bundan sonra Bülbülün həyat və yaradıcılığından bəhs edən videoçarxa baxış keçirilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova, Əşrəf Əsgərov və Aybəniz Əliyeva   “Unudulmaz Bülbül haqqında xatirələr”, “Bülbülün musiqi dünyasında xidmətləri”, “Azərbaycanın dahi sənətkarı”  və “Murtuza Məmmədovun ev muzeyi” mövzularında məruzələr ediblər. Konfrans tələbə özfəaliyyət qrupunun ədəbi-bədii kompozisiyası ilə  başa çatıb.

Məqalə Qiyməti