Üzeyir Hacıbəyli musiqisi ilə Azərbaycanı dünyaya tanıdıb

: Məktəbinin direktoru Namiq Mirzəyev dahi bəstəkarın zəngin həyat yoluna və yaradıcılığına nəzər saldı
Məktəbinin direktoru Namiq Mirzəyev dahi bəstəkarın zəngin həyat yoluna və yaradıcılığına nəzər saldı

Ü.Hacıbəyli adına 11 illik uşaq musiqi məktəbi yeni dərs ilinə adını daşıdığı dahi bəstəkarın ad gününə həsr etdiyi konsert proqramıyla başladı. Sentyabrın 18-də burda xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin Uvertürası, Cəngisi, romans, opera və operettalarından nümunələr səsləndi. Həyat və yaradıcılıq yoluna  nəzər salındı, çəkdiyi çətinliklərdən, yaşadığı xoş günlərdən danışıldı. Onun ictimai-siyasi fəaliyyəti ilə yanaşı Azərbaycanın milli musiqisinə verdiyi tövfələr dəyərləndirildi.  

Məktəbinin direktoru Namiq Mirzəyev ulu öndərin 1993-ci ildə məlum fərmanından etibarən respublikamızda hər il sentyabrın 18-də  Üzeyir Hacıbəylinin ad gününün  yüksək səviyyədə qeyd olunduğunu deyir: “Bu diqqət və qayğı dahi bəstəkarın zəngin həyat yoluna və yaradıcılığına, onun irsinə verilən qiymətdir.  Sentyabrın 18-i Azərbaycan musiqisinin bayramıdır. Məktəbimizin müəllim və şagirdləri ilboyu Üzeyir Hacıbəylinin yaradıcılığından bəhrələnirlər. Biz musiqisevərlər fəxr edirik ki, məktəbimiz bəstəkarın adını daşıyır və bizim dünya şöhrətli Üzeyirimiz var. Onun əsərlərində Azərbaycan xalqının müğamıyla yoğrulmuş həzin ana laylası, igidlərin qəhrəmanlıq salnaməsi, mübarizlik aşılanır. Belə mədəniyyəti, muqisi və qəhrəman övladları olan Vətən basılmaz. Bu xalq xoşbəxtdir, onun gələcəyi isə parlaqdır”.

Bu məktəbin məzunu olan və  1975-ci ildən bu məbədgahda tar müəllimi işləyən Tarıyel Hidayətov Üzeyir Hacıbəylini Azərbaycan milli musiqisinin peyğəmbəri sayır:  “Klassik musiqinin yaranmasında bu insanın rolu  əvəzsizdir. Dahi bəstəkarın baletdən başqa bütün janrlarda əsərləri var. O,  operanın, notlu orkestrin, ilk xor kollektivinin yaradıcısıdır. Onun xidmətləri böyükdür. Hara müraciət edirsənsə, orda Uzeyir Hacıbəylinin dəsti-xətti görünür. Çünki o, yaradıcılığında muğamlarımıza istinad edib.  “Arşın mal alan” operettasında  mənfur düşmənlərimizə qarşı mərdliklə çıxış edib Uzeyir musiqisi hər şeyin ilkidir.

Məktəbimizə Üzeyir bəyin adının verilməsi də bizə şərəf gətirir. Mənim tar müəllimi kimi yetişməyimdə Üzeyir müsiqisinin rolu danılmazdır. Biz repertuar seçimində, proqramların tərtibində onun əsərlərinə xüsusi yer veririk.

Bəstəkarın irsini təbliq edirik. Amma bu təbliğat bundan da çox olmalıdır. O, musiqimizi dünyaya tanıtmaqla Azərbaycanın necə güclü, qüdrətli xalq və  dövlət olduğuna sübüt edib”.

Şəki Musiqi Kollecinin müəllimi Elşən Bağırov Konservatoriyada dərs aldığı Süleyman Ələsgərov, Hacı Xanməmmədov və Səid Rüstəmovun Üzeyir Hacıbəylinin yetirmələri olduğunu deyir: “Onlar mənə dahi Üzeyiri o dərəcədə sevdiriblər ki, mən atamdan sonra Hacıbəylini  özümə böyük ata, baba sayıram. Onların məsləhəti ilə hər yerdə Üzeyir musiqisini təbliğ edirik”.

7 il əvvəl Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Mingəçevirdə dahi Üzeyirin adını daşıyan 11 illik musiqi məktəbində xalq çalğı alətləri orkestri yaratmaq və ona rəhbərlik etmək təklif olunanda  E.Bağırov bu təklifi tərəddüdlə qarşıladığını deyir: “Məktəbin güclü kollektivi olduğunu və  respublikada tanındığını eşitmişdim. İlk iki il bir az çətinliyimiz oldu. Sonra peşəkar müəllimlərin sayəsində yaxşı orkest yarada bildik. Orkestrin tərkibində yuxarı sinif şagirdlərinin olması repertuat seçimində bizə mane olmur. Şagird-müəllim vəhdəti elə səviyyədədir ki, uşaqlar tez mənimsəyirlər. Çünki müəllimlər həmişə onlara dəstək dururlar. Növbəti repertuat seçimində yerli bəstəkarlarla yanaşı xarici bəstəkarların yaradıcılığına da diqqətlə yanaşırıq. Artıq bizim kollektivimiz və məktəbin xoru respublikanın müxtəliv tədbirlərində, müsabiqələrində iştirak edir. Lakin yerimizdə saymırıq. Yeni əsərlər, tədbirlər bizi gözləyir. Sevinirəm ki, belə gözəl kollektivdə fəaliyyət göstərirəm”.

38 ildir məktəbdə tar müəllimi işləyən Agaismayıl Əzizov Şərqdə ilk operanı yaradan bəstəkar haqqında sinədolusu danışır: “Üzeyir Hacıbəyov olmasaydı, Azərbaycan musiqisi dünya səviyyəsində olmazdı. Onun elə bir əsəri yoxdur ki, onu şagirdlərimizə sevə-sevə öyrətməyək. Onu hamı sevir. Çünki Üzeyir musiqisi xalqın dilindən, urəyindən gələn musiqidir. Kiminsə melodiyası bizə yad gəlir. Övlad anasını necə anlayırsa, Üzeyir musiqisini elə gözəl  başa düşülür.  Bu musiqi məbədi mənim qibləgahımdır, evimdi, ailəmdir. Nə yaxşı ki, bizim Üzeyir bəyimiz olub”.

Məqalə Qiyməti