Iranlı sənət adamları Mingəçevirin qonağıdır

: Iranlı sənət adamları Mingəçevir Dövlət Dram Teatrında
Iranlı sənət adamları Mingəçevir Dövlət Dram Teatrında

Onlar Mingəçevir Dövlət Dram Teatrının kollektivi ilə həmsöhbət olub, bir süfrə arxasında şam ediblər


II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Mingəçevir Dövlət Dram Teatrının səhnəsində 3 tamaşa oynanılacaq. Sentyabrın 16-da “Trup-Tarap” (İran İslam Respblikasının Nəğab teatrı),18-də “Dəli yığıncağı” (Gəncə Dövlət Dram Teatrı)  və 20-də “Yeddi gözəl” (Azərbaycan Dövlət Rus Dram Teatrı) tamaşaları mingəçevirlilərə təqdim olunacaq.

Sentyabrın 15-də İran İslam Respublikasının sənət adamları Mingəçevir Dövlət Dram Teatrının qonağı olublar. Şəhərimizin gözəlliyinə heyran olduqlarını deyən iranlılar gələcəkdə də Mingəçevirə səfər edəcəklərini bildiriblər. Onlar sentyabrın 16-da MDDT-nın səhnəsində “Trup-Tarap” tamaşasını oynayacaqlar.

Tamaşanın rejissoru Xeyrulla Təqiani pur Mingəçevirə valeh olduğunu gizlətməyib: “Biz Tehrandan gəlirik. Ən azı 17 milyon əhalisi olan Tehrandan. Elə bir yerdən gəlməyimizə baxmayaraq, yolboyu Mingəçevirin təmiz küçələri, xiyabanları, yaşıllığı bizi heyran etdi”.

X.Təqiani pur İran və Azərbaycan münasibətlərinə toxunub:  ”Biz qardaş ölkəyik. Biz sizi özümüzə qardaş bilirik. Bəlkə də bu qardaşlıq, qan bizi çəkdi. Hətta nağıllarımız, dastanlarımız var ki, birdir. Məsələn “Leyli Məcnun”,”Əsli və Kərəm”. Bunları siz də bilirsiniz, biz də bilirik. Ona görə də çalışırıq ki, azərbaycanlı qardaşlarımızla əlaqələrimiz daha da genişlənsin”.

Sənətin, sözün, yaradıcılığın ta qədimlərə söykəndiyindən söhbət açan X.Təqiani pur deyib ki, Mingəçevirə gətirdikləri tamaşada olduğu kimi, sənətkar ölsə də sənəti heç bir zaman, qərinələr ötsə belə unudulmayacaq.

Daha sonra qonaqlar Mingəçevir Dövlət Dram Teatrının kollektivi ilə bir süfrə arxasında şam yeməyi yeyib, xatirə şəkilləri çəkdiriblər.

Məqalə Qiyməti