Təbriz... Ülvi hisslərin şəhəri

: Təbriz
Təbriz

Orda bir köy var, uzakta
O köy bizim köyümüzdür.


Dağların qoynundakı şəhər

Qədim və zəngin tarixə malik Təbriz üç tərəfdən rəngi qırmızıya çəkən dağların əhatəsində yerləşir. Şərqdən Surxab, qərbdən Yanıq, cənubdan Səhənd dağlarının ətəkləri sanki bağrına basıb Təbrizi. Nəhəng mis dağını xatırladan zirvələrə qar düşməsinə rəğmən şəhər quru küləklə müşaiyət olunan günəşi hava da dərin, hüzn dolu xəyala dalıb sanki...

Bura həm Təbrizdə yaşayan həm də çox-çox uzaqlarda yaşayan saysız-hesabsız insan çox əziz və müqəddəsdir. Xüsusilə islam dininə inananlar üçün. Amma demək olmaz ki, bura səyahət edənlərin əksəriyyəti dindarlardır. İnsanlar Təbrizə müxtəlif səbəblər üzündən gəlir-Kimi şəfa tapmağa, kimi alış-veriş etməyə, kimi də turist kimi...

Nə tıxac var, nə hay-küy...

Milyon yarımdan bir az çox əhalisi var... Tıxac demək olar ki, yoxdur. İctimai nəqliyyatın yolu şəxsi avtomobillər üçün birmənalı olaraq bağlıdır. Şəxsi avtomobillərin hərəkət etdiyi yollarda isə yol-hərəkət qaydaları yoxdur. Piyadalar yolun istənilən yerindən necə gəldi keçib gedir. Sürücülərsə piyadaların saymazyana davranışlarına təmkinlə yanaşır, onlar yolu boşaldana qədər  gözləyir. Nə əcaib siqnal səsləri, nə də əsəbi sürücü sifəti var. Qəribədir ki, yollarda polisə rast gəlmək olmur. İşıqforun ancaq 2 işığı yanıb sönür. Bununla da həm piyadalar, həm də sürücülər yolda münaisbətlərini tənzimləyir. Heç kim bu cür yol hərəkəti qaydalarını qanun pozuntusu saymır.

Təzə binası olmayan Təbriz

Kənd təsərrüfatı mallarının satışı, kotan və digər kənd təsərrüfatı   avadanlıqları, maşın və traktor zavodları şəhərin əsas gəlir mənbəyi hesab olunur.  Təbriz və İsfahan istehsalat sahəsi üzrə İranda birinci yerdə durur. Bakıdan fərqli olaraq Təbrizdə müasir binalar yoxdur.

Əgər ziyarətə gəldin, ona bir həmdi-surə oxu

Ki, sənin hümmətinlə mənim ruhum yetişsin Allaha

Təbrizə güzar olasan, Seyid Məhəmmədhüseyin Behcəti Təbrizinin (Məhəmmədhüseyn Şəhriyar) məzarını ziyarət etmədən gedəsən. Bu, bir insan ömrü üçün heç bir meyara  sığmaz.

Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, zamanının tanınmış hüquqşünası Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. Məhkəmədə vəkillik etməklə ailəsini dolandıran atası şeri və musiqini çox sevən bir ziyalı imiş. Anası Kövkəb xanım da şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən, Seyid Əzim Şirvaninin qəzəllərindən bəzi nümunələri tez-tez oğlu Şəhriyar üçün oxuyardı. Şəhriyar Təbrizdə orta təhsil alıb, Tehran Universitetinin tibb fakültəsini bitirsə də 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb.

Bələdçimiz deyir ki, Şəhriyar Sürəyya adlı bir qız sevirmiş. Çoxları şairin sevgi şerləri yazmasını sevgilisinə qovuşa bilməməsi ilə əlaqələndirir. Şair həyatın mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələr, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifidir. Bu əsrarəngiz fikirlər Şəhriyarın məzarı üstündə də əks olunub.

Mehrabı şəfəqdə üzümü səcdədə gördüm.

Qaniçrə ğəmim yox, üzüm olsun sənə sarı.

Məzarın üstündə yazılır:

"Seyyid Məhəmmədhüseyn Bəhcəti Təbrizi

Bu şəxs bu torpaqda bu daşın altında yatıb.

Doğum günü Şəmsi qəməri tarixlə 1285; Ölən günü 1367"

Məzardan bir qədər aralıda lövhə var, onun da üzərində yazılıb:

Əgər ziyarətə gəldin, ona bir həmdi-surə oxu

Ki, sənin himmətinlə mənim ruhum yetişsin Allaha

Ey mənim eşqim, bir mənim başımın üstündə otur.

Mənim olduğum torpaqda qəbrimin gözü sənsən, işığı sən

Gəldin ki, mənim qəbrim üstə eşq badəsi iç, qəm içmə

Gözlə ki, saqi sənin badənə qəm tökməsin, eşq töksün

Nə əcəb gedirsiz acı dəva alırsız?!

Mənim bütün dərmanım sevgilimin gözlərində, üzündə, dodağındadır

Eşq ilə yaşayıb, eşq ilə ölən...

Qəribə hisslərlə məzarın ziyarətini yekunlaşdırıb üz tuturuq şəhərə.

Yavaş-yavaş hava qaralır. Gecə düşən kimi Təbriz dəyişir. Onun küçələrini yaraşıqlı və işıqlı binalar yox, alverə çıxanlar bəzəyir. Ümumiyyətlə, istər gündüz olsun, istər gecə, Təbrizin küçələrində qadın azlığı müşahidə olunur. Şəriət qanunları konstitusion qanunları üstələdiyinə görə, xanımların azadlığı evdə başlayıb, evdə də bitir. Buna baxmayaraq, küçədə cüt-cüt gəzən xanımlara da rast gəlmək olur.

Şəhərdə özəl xəstəxanalar, apteklər və qan analizi verilən laboratoriyalar şəhərin "17 Şəhrivar" deyilən ərazisində bir yerdə cəmlənməsi diqqət çəkir... Dövlət xəstəxanaları şəhərin müxtəlif istiqamətlərində yerləşir. Danılmaz faktdır ki, 17 Şəhrivara üz tutanların böyük əksəriyyətini şəfa tapmaq məqsədi ilə Şimali Azərbaycandan gələnlər təşkil edir. Hər addımbaşı burada  quzeydən gələn azərbaycanlılarla rastlaşmaq olur.

Qəriblik özünü bu yerdə göstərir. Budur bir nəfər azərbaycanlı ilə söhbətə başlayırıq. Söhbət əsnasında məlum oldu ki, həmsöhbətimiz vaxtilə Qarabağ uğrunda gedən döyüşlərdə, Azərbaycanın sərhəd gömrük postunda, hərbi hissələrdə 23 il xidmət edib, indi isə pensiyadadır. Onu bura üz tutmağa vadar edən səbəb də məhz səhhətidir. Azərbaycanın buradakı xəstəxanalardan qat-qat gözəl hərbi hospitalları olduğu halda niyə məhz Təbrizə üz tutduğunu soruşuram... Cavab isə o qədər qəribə oldu ki: “Azərbaycandakı hərbi hospitallar muzeydir”.

Səhiyyələrdəki inanılmaz fərq

Təbriz həkimləri səhərlər dövlət xəstəxanalarında, axşamlar isə özəl xəstəxanada işləyir. İş rejimlərini də sanki azərbaycanlıların gəliş vaxtına görə uyğunlaşdırırlar. Ayaqüstü həkimlərin biri ilə qısa söhbət edirik. Məlum oldu ki, onun xəstələrinin əksəriyyəti şimaldadan gələn azərbaycanlılardır. Azərbaycanla İran səhiyyəsi arasında nə kimi fərqin olduğunu soruşuram, “Erməni-müsəlman qədər çox fərq var. Sizin səhiyyədə aparatura çox yüksəkdir, amma onlar xəstəni sağaltmır. Azərbaycan səhiyyəsi İran səhiyyəsindən illər qabağa inkişaf edib. Amma müalicə metodu yoxdur” deyir, həmsöhbətim.

Tarixi abidə Ərk qalası

Nəhayət, bələdçimiz bizi şəhərin ən qədim yerlərindən biri sayılan Ərk qalasına gətirir. Adama elə gəlir ki, yerli sakinlər qala haqqında elə də geniş məlumata malik deyil. Amma, deyəsən,  yerli adamlar qonaqlara nəyinsə barəsində danışmağa o qədər də maraqlı deyillər. Buna baxmayaraq,abidə haqqında qısa da olsa, məlumat toplaya bildik. Iranda Mədain sarayına bərabər tutulan Təbriz Ərk qalası (Əlişah qəsri) öz dövründə dünyanın ən böyük müsəlman memarlıq nümunəsi olmuşdur. Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə 1338-1345-ci (hicri qəməri tarixlə 724-cü ildən inşasına  başlanan tikili  732-ci il) illərdə tikilmişdir. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilmiş, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olmuşdur. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan xəsarət almışdır. Müəyyən dövrlərdə qala məscid kimi də istifadə olunub. Pilləkənlərlə binanın içərisinə enmək olur. Qala çöl tərəfdən xüsusi üzlük daşlarla örtülüb. Müharibə zamanı qalanın qüllələri dağıdılıb. Müharibələr zamanı qalanın bir tərəfini anbar məqsədi ilə də istifadə ediblər. Orada buğda, arpa ilə yanaşı silah da saxlanarmış. Tikili bir növü, səngər rolunu da oynayıb. Qalanın eni 300 metr 15 santimetrdir, hündürlüyü 35 metrdir. Abidə İranın Milli Əsərləri kitabında 310 nömrəli qeydiyyatdadır.

Təbrizin ən böyük məscidi Cümə məscididir

Ərk qalasının yaxınlığında yerləşən Cümə məscidində böyük bir kitabxana da var. Burada 40 min nəfər eyni anda namaz qıla bilər. Müsəllayi Təbriz məscidində əsasən cümə namazları qılınır. Digər günlərdə günorta namazına da gələn çoxsaylı ibadətçilərə rast gəlmək olur. Məscid iki hissədən ibarətdir. Birinci hissəsi 2008-ci ildə tikilib, digər hissəsinin isə 1 ildən sonra tamamlanması nəzərdə tutulub.

Təbrizə ilk dəfə metro çəkilir

Şəhərdə ilk dəfə tikiləcək metronun 2 ildən sonra istifadəyə verilməsi nəzərdə tutulur. İndiyədək Elgölü deyilən ərazidən Təbriz İnstitutuna qədər elektrik qatarı işləyib. İki ildən sonra təbrizlilər və qonaqlar şəhərin mərkəzi hissələrində metro stansiyalarından istifadə edəcəklər...

İran silahı erməniyə, kartofu Azərbaycana verir

Şəhəri gəzə-gəzə gəlib noyabrın 9-da cənubi azərbaycanlıların aksiya keçirdiyi Firdovsi küçəsinə çıxırıq. Burada sakitlik hökm sürür, həyat öz axarı ilə davam edir. Sanki günlər öncə etiraz aksiyasında daş-qalaq olunan yerlər deyil buralar...

Adının çəkilməsin istəməyən cənubi azərbaycanlı hər gün Araz çayı üzərində çoxlu sayda İran maşınlarının Ermənistanın Meğri şəhərinə yük daşıdığına şahidi olduğunu deyir: "İran silahı erməniyə, kartofu, soğanı Azərbaycana verir... Burda haqq-ədalət varmı?"

Qeyd edək ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasında yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb. Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz yürüşləri keçirib. Təbriz və Urmiyada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb.

35-40 milyon türk bu haqlardan məhrum edilib

Aksiyada fəal iştirakçılardan olan Cəlil Tari aksiyaya səbəb təkcə türklərin televiziya kanalında alçalmasından qaynaqlanmadığını deyib: “Qacar imperiyası yıxılandan sonra İranda Fars imperiyası hakimiyyətə gəldi. Birinci dünya müharibəsindən sonra farslar İranda qeyri millətləri əzmək, təhqir etmək, aşağılayıcı siyasət yürütməkdə davam edir. Bu aksiya bir televiziya proqramında gedən tənqidin nəticəsi deyildi. Bu, 100 illərlə yığılıb qalmış və şantajın nəticəsi idi”.

Cəlil Tari aksiyadan sonra 138 nəfər gənc fəalın həbs olunduğunu da deyib: “Onların içərisindən bir neçə nəfəri sənəd təqdim edib buraxılıb. Məhkəmə günü nə olacağı bəlli deyil. Təəssüf ki, lağ ediləsi qanunlarımız var. Bir şəriət qanunları var, bir də hüquqi qanunlar. Şəriət qanunları hakimlərin əlin açıq qoyur. Şəriət qanununda heç bir yazılı müddəa yoxdur. Hakimlər şablon qanunlarla hökm verərlər. Məsələn, hakimiyyət əleyhinə söz danışmağın 6 ayla 8 il arasında cəzası var. Yəni burda hakim azaddır, o istədiyi cəzanı verə bilər. Burda türklərə qarşı əzici və yumşaq formada bir siyasət yürüdülür. Buna baxmayaraq, biz kiçik bacalardan da olsa, sözümüzü deməyə imkan tapmışıq.

“Təbrizdə 100 min erməninin məktəbi var. Təxminən 20 min yəhudinin öz məktəbi, qəbiristanlığı və adət ənənələri var, amma təəssüf ki, 35-40 milyon türk bu haqlardan məhrum edilib. Bu, yeni bir siyasət deyil. Hətta İran İslam Cümhuriyyət dövrü olandan sonra bu siyasət davam etməkdədir. Qanunun 15-ci maddəsinə yenilik edildi ki, İranda farsdan qeyri millətlər qanuna görə mədrəsədə, orta məktəblərdə öz dillərində oxuyub öyrənə bilərlər. Təəssüf ki, bu qanun sadəcə yazı üzərində qalıb. Təəssüf edirəm ki, bizim o tayda yaşayan türk qardaşlarımız səsimizi dünyaya çox axsaq şəkildə çatdırır. Haqq səsimizin dünyada səsələnməsin istəyirdik” deyir Cəlil Tari...

Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsini  istəyərsinizmi sualına, Сəlil Tarinin cavabı maraqlı və gözlənilməz oldu.

Orda bir köy var, uzakta 

O köy bizim köyümüzdür. 
Gezmesek de, tozmasak da 
O köy bizim köyümüzdür. 

Orda bir ev var, uzakta 
O ev bizim evimizdir. 
Yatmasak da, kalkmasak da 
O ev bizim evimizdir. 

Orda bir ses var, uzakta 
O ses bizim sesimizdir. 
Duymasak da, tınmasak da 
O ses bizim sesimizdir. 

Orda bir dağ var, uzakta 
O dağ bizim dağımızdır. 
İnmesek de, çıkmasak da 
O dağ bizim dağımızdır. 

Orda bir yol var, uzakta 
O yol bizim yolumuzdur. 
Dönmesek de, varmasak da 
O yol bizim yolumuzdur.

 Bu şeri də, Cəlil Tari yanğı içində səsləndirir... 

Məqalə Qiyməti