Üzeyir məkanında Üzeyir musiqisi

:
 

Mingəçevirin Konservatoriyası sayılan və dahi bəstəkarın adını daşıyan  11 illik musiqi məktəbində böyük bəstəkarın 130 illik yubileyi möhtəşəm şəkildə qeyd olunub

 

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun doğum günü münasibətilə 18 sentyabr  Milli Musiqi günü kimi qeyd edilir. Maestro Niyazi  Üzeyir Hacıbəyovun vəfatından sonra hər il bu günü qeyd edirmiş. 1995-ci ildə isə mərhum prezident Heydər Əliyev həmin günün Milli Musiqi Günü kimi qeyd olunması barədə sərəncam imzalayaraq bu ənənəni rəsmiləşdirib.

 

Mingəçevirin Konservatoriyası sayılan və dahi bəstəkarın adını daşıyan  11 illik musiqi məktəbində ilboyu yüzlərlə bəstəkarın əsərləri içərisində Üzeyir bəyin əsərlərindən incilər səsləndirilir, sevə-sevə “Sənsiz”, “Sevgili canan” romansları ifa olunur.

Sentyabrın 17-də bu məbədgahda böyük bəstəkarın 130 illik yubileyi möhtəşəm şəkildə qeyd olunub.  Məktəbin xalq çalğı alətləri orkestri (bədii rəhbər Elşən Bağırov) Ü.Hacıbəylinin “Cəngi”sini, “I fantaziya”sını, “Leyli və Məcnun” operasından “Rəqs”i, “Arşın mal alan” musiqili komediyasından “Müqəddimə”ni səsləndirib. Zülfiyyə Hacıyeva, Mehin Qarayeva, Pərvanə Sultanova “Arazbarı” ritmik muğamını, “Arzuya bax sevgilim”, “Alagöz” mahnısı və “Sevgili canan” romansını ifa ediblər. Ü.Hacibəylinin silahdaşı və həmyaşıdı Müslüm Maqomayevin də əsərləri yubiley tədbirində yer alıb.

Məktəbin direktoru Namiq Mirzəyev təhsil ocağında bundan sonra da möhtəşəm tədbirlərin keçiriləcəyini və istedadlı musiqiçi ailəsinin yetişməsində müəllimlərin əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.  Yubiley mərasiminə toplaşanlar Üzeyir dühasının təsirlənərək, yüksək əhval-ruhiyyə ilə salonu tərk ediblər.

Məqalə Qiyməti