Mingəçevir Teatrı 47- ci mövsümünü açdı

:
 

Bu gözəl tədbirdə başçının və müavinlərinin olması arzu edilən idi

 

Sentyabrın 12-də Mingəçevir Dövlət Dram Teatrı növbəti mövsümünu açıq elan edərək,  tamaşaçılarının görüşünə gəlib. Teatrın direktoru  Səxavət Məmmədov  bu münasibətlə teatrsevərləri təbrik edib və bildirib ki,  ilin sonuna kimi bu səhnədə 3 tamaşa hazırlanacaq: “Bunlar xalq artisti Zülfüqar Abbasovun quruluşunda  "Cəsurlar", rejissor Bəhram Osmanovun quruluşunda  "Son reportaj" və "Xalidənin taleyi" adlı tamaşalar olacaq. Ümid edirəm ki, yaradıcı heyətimiz  bu tamaşaları da məharətlə səhnəyə gətirəcəklər”.

Direktor Xalq artisti Zülfüqar Abbasov, əməktar artist Ella Yaqubova, quruluşçu rəssam Yusif İmamverdiyev, aktyor Şıxı Yaqubov,   Asim Məmmədov və gənc aktyor Paşa Salmanovun ötən teatr mövsümündə daha fəal olmalarından da danışıb, onlara Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilən diplom və fəxri fərmanları təqdim edib. Türkiyədən gələn ali dərəcəli zabitlər də teatrın kollektivinə bol -bol uğurlar arzulayıb və  hədiyyələr verib.

Bundan sonra Xalq artisti Vaqif Əsədovun  quruluşunda  "İki yetimin taleyi" tamaşası oynanılıb. Əsas rolları əməkdar artistlərdən  Ella Yaqubova və Akif Mirabov,   aktrisalardan  Fəridə Məmmədova və Afət Əliyeva, aktyorlar Asim Məmmədov və Hüseyn Mustafayev ifa ediblər.

Tamaşa bitəndən sonra teatr kollektivi şirniyyat süfrəsi  ətrafında bayramı qeyd edib.

 

“Mİ”

 

Redaksiyadan: Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı adından teatr işçilərinə mükafatları teatrın direktorunun təqdim etməsi  zalda birmənalı qarşılanmadı. Hər halda bu gözəl tədbirdə başçının və müavinlərinin olması arzu edilən idi.   

Məqalə Qiyməti