Faxralı gəbələri əsas

Esmira: Faxrali gavasi
Faxrali gavasi

Kəndə tez-tez xalça alanlar gəlirlər, amma Gülövşə nənənin nənəsinin nənəsindən qalan hədiyyəsini aldadıb,  əlindən ala bilmirlər

 

       Bu kənddə demək olar ki, hər evdə qədim xalça və ya gəbələrə rast gəlmək olar. Çünki bu kənd xalçaçılıqla məşhur olan Goranboy rayonunun  Faxralı kəndidir. Milli-mənəvi dəyərlərimizin qorunması fonunda bu kəndin rolu əvəzsizdir. Burda hər kəsin evində qədim xalçalarımız, kənd camaatının dili ilə desək, gəbələrimiz qorunur.

Faxralı kəndində 2 növ xalça olub, bunlardan biri dini mərasimlərdə, eləcə də namaz qılma mərasimində istifadə olunduğu üçün əsasən kiçik ölçüdə hazırlanırdı. Bunlara canamaz da deyilirdi.  Haqqında söhbət açdığımız  digər xalça isə sakinlərin Faxralı gəbəsi kimi adlandırdığı qədim xalçalardı. Bu xalçalar xovun hündürlüyü və  ölçüsünə görə daha böyükdür. Dekorasiya və ya istilik yaratmaq məqsədilə döşəməyə sərilmək üçün nəzərdə tutulur.  Eni 1 metr 50 sm, uzunluğu isə 1 metr 50 sm-dən  5-6  metrə qədər olur. Xalçanın orta hissəsindəki naxışlarından, yəni  güllərinin sayından asılı olaraq, gəbənin uzunluğu dəyişir. 

Bu kənddəki 9 güllü gəbənin  2 əsrə qədər yaşı olduğu deyilir. Kəndin ən qocaman sakinlərindən olan Gülövşə Bayramova bu qədimi gəbəni qoruyaraq saxlayır “Hansı nəvənə verəcəksən?” sualını isə cavablandırmaq istəmir. Kəndə tez-tez xalça alanlar gəlirlər, amma Gülövşə nənənin, nənəsinin nənəsindən qalan hədiyyəsini aldadıb,  əlindən ala bilmirlər.

     Ta qədim zamanlardan başlayaraq ötən əsrin əvvəllərinə qədər bu kənddəki toxucular müxtəlif bitkilərin yarpaq, çiçək, tumurcuq, meyvə, toxum, qabıq, oduncaq, kök və digər hissələrindən çox sənətkarlıqla boyaq məmulatı hazırlayaraq, gəbələrin rənglənməsində istifadə edirdilər. Orta səviyyəli bir xalçanın toxunmasına 24 kq-a qədər  ip sərf olunurmuş.

 Mürəkkəb naxışlı xalçalarda kvadrat və səkkizbucaqlı güllər toxunurdu. "Fəxralı xalçaları"nda kərpic, böyük və kiçik "gədəbəylər" (Qubanın "Qədim minarə" xalçasında bu naxış "yelpik" adlanır), yelən, beşik, aşıq, alma, xalça alması, əyri və sırğa kimi əsas naxışlardan istifadə edilirdi.

Kənddə bir nəsil var ki, onların peşəsi gəbə toxumaq  olub. Bu nəslin davamçılarından olan Sahidə Quliyeva deyir: “Kənddə o vaxtlar adət var idi ki,  validynlər övladlarına hədiyyə olaraq xalça toxuyur, qızını köçürdükdə, gəlin gətirdikdə hədiyyə edərmiş”.  

Nəsildən - nəsilə ötürülən xalçalar bu günümüzə qədər gəlib çatıb. Ana qızına, qaynana gəlininə ötürür... Cehiz verildikdə təzə xalça və gəbələrin içərisində qədim Faxralı gəbəsi də olur. Bu gəbələr isə digər hədiyyələrdən üstün tutulur. Yəni qız ata evindən gəlin köçəndə mütləq cehizinin içində Faxralı gəbəsi olmalıdır.

 

Məqalə Qiyməti