“İki yetimin taleyi”

Fərman Nəbiyev: İki yetimin taleyi tamaşasından
İki yetimin taleyi tamaşasından

Mingəçevir Dövlət Dram Teatrı bu günlərdə Əli Əmirlinin 1994-cü ildə yazdığı “Xoşbəxt gün” adlı əsərinə  bu adla quruluş verib.

 

Müəllif  və rejissor 20 il qabaq ölkəmizdəki gərgin vəziyyətin aclıq və səfalətə, mənəviyyat pozğunluğuna,  bir çoxlarının, o cümlədən qəhrəmanının  evində saxladığı  silahın sonradan bədbəxtliklərə gətirib çıxardığını təsvir edib.

Tamaşaya Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının rejissoru, respublikanın xalq artisti Vaqif Əsədov quruluş verib. Bundan əvvəl o, Ü.Hacıbəyovun “Ər və arvad” əsərini Mingəçevir teatrında səhnələşdirmişdi. 

“İki yetimin taleyi” tamaşası bi ailənin bədbəxt taleyindən bəhs edir. Rayondan şəhərə köçüb gələn ailə gecəqonduda yaşayır. Əxlaqca, mənəviyyatca zəngin olmayan bu ailədə ögeylik də mövcuddur. Ailə başcısı Gərayın həyat yoldaşı rəhmətə gedib, onun ikinci arvadı isə əvvəlki xanımının bacısıdır. Gərayın anası da ögeydir. Bəlkə bu ögeylikdəndir ki, ailədə həmişə dedi-qodu, söz-söhbət olur.

Gərayın qızı mağaza müdiri ilə intim münasibətə girib, hətta ondan hamilədir. O, çox gəncdir, aldanıb. Valideyn tərbiyəsi görməyən bu gənc qız həyatın məngənəsində sıxılıb. Bu biabırçılığa necə son qoymalı, bundan sonra nə etməli? Bütün bu suallara cavab tapmaq üçün Gəray rayondan atasını şəhərə çasğırır. Baba deyir: “Mən nə edim, bu namussuzluğa necə dözüm. Bu qızı öldürüm, yoxsa qulaqlarımı sallayım durum.”

Əgər vaxtında ata, riyakar xala ona valideyn qayğısı göstərsəydi, deyingən nənə, məsuliyyətsiz baba bu uğursuz ailəyə müdrik məsləhətlər versəydi, ailə faciəyə düçar olmazdı. Ailə üzvləri Fuadı məcbur edirlər ki, bacısını öldürsün. Yeganə buna imkan vermir. O əlinə silah alıb səhnədəki bütün personajları ittiham edir və sonda özünü öldürür.

Babanın və nənənin (Əməkdar artisti Akif Mirabovvə Ella Yaqubova) maraqlı aktyor jestləri, danışıq üslubları çox maraqlı alınıb. Gərayı  Asim Məmmədov və Aydın Quliyev, xalanı isə  Afət Əliyeva və Ruhəngiz Abdullayeva təqdim edib. Meşşan atanı və  riyakar xalanı hər iki aktyor çox məharətlə oynayır.

Fəridə Məmmədova bədbəxt, nakam Yeganənin faciəsini səhnədə yaşaya bilib. Hüseyn Mustafayev Fuadı – Yeganənin qardaşını çox emosionalıqla tamaşaçıya təqdim edir. Pyesə əlavə olunan sözsüz oğlanı isə Paşa Salmanov oynayır. Baxmayaraq ki, obrazın sözü yoxdur, aktyor bu obrazın öhdəsindən gələ bilib. Əslində  bu obraz pyesə rejissor tərəfindən əlavə olunub və çox maraqlı alınıb.  Rejissorun təbirincə desək, saf bir oğlandır, Yeganəni ülvi bir hisslə sevir, hadisələrin bəzi məqamlarını kənardan seyr edir. Yeganə aldadılmasaydı, yəqin ki, bu oğlanla xoşbəxt olardı.

Şərti olaraq səhnədə qurulmuş məkanlar, yuxarıdan asılmış çərçivələr evlərin damını təsvir edir, tamaşaçıda əsl gecəqondu, kasıb daxma təsəvvürü yaradır. Ümumiyyətlə, səhnə tərtibatı zövq oxşayır. Bu işin öhdəsindən  Əməkdar rəssam Rəfael Həşimov ustalıqla gələ bilib. Elnur Rəsulovun yerində seçdiyi  musiqi parçaları da aktyorların ifasına öz müsbət təsirini göstərir.

Vaqif Əsədovun səhnədə işıq effektlərindən ustalıqla istifadə edə bilməsi də tamaşanın uğurlu alınmasına şərait yardıb. 

Məqalə Qiyməti