Dərddədi Göyçə

Çıxmır xəyalımdan Çənlibel, Murğuz,

Şahdağdan boylanıb saydığım ulduz,

Şimalda Borçalı,cənubda Təbriz,

Şərqdə Xəzərim var, qərbdədi Göyçə.

 

Əsdi qara yellər, qaraldı günüm,

Bir də o yerlərə mən necə dönüm?

Nə çatmır əllərim, nə yetmir ünüm,

Ölümlə əlləşir, dərd didir Göyçə.

 

Qanlı savaşların görünmür sonu,

Bu soyuq buzların ərimir donu,

Dədə Ələsgərin məzarı hanı?

Düşmən əlindədi, bərkdədi Göyçə.

 

Quruyub bulaqlar, saralıb otlar,

Mələmir quzular, kişnəmir atlar.

Yaman tora saldı o yeri yadlar,

Kədər, qəm qoxuyur, dərd dadır Göyçə.

 

Hicran nəğmələri ötməsin dillər,

Sarılsın silaha o güclü əllər,

Qovuşsun obalar, birləşsin ellər,

Murazın vətəni dərddədi Göyçə.

Məqalə Qiyməti