Simulyatorda Formula-1 çempionatının Mingəçevir üzrə qalibi müəyyənləşib

: Mingəçevirdə “sənin sürət formulan”.
Mingəçevirdə “sənin sürət formulan”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula 1 (F1) çempionatının keçirildiyi növbəti ünvan Mingəçevir şəhəri olub.

Qeyd edək ki, martın 3-də Mingəçevir şəhərində ictimaiyyətə açıq Formula 1 simulyator oyunları və yarışda iştirak edəcək 200 nəfər IX-XI sinif şagirdi üçün yol hərəkəti qaydaları ilə bağlı təlim təşkil olunub. Mingəçevir şəhər 16 nömrəli tam orta məktəbin müəllimi, təlimçi Fazil Zeynalov deyib ki, Azərbaycan Avtomobil Federasiyasının “Yol hərəkəti qaydalarını öyrənək” adlı təlimlərində mövzu ilə bağlı videoçarx göstərilib, məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat verilib. Təlimin sonunda şagirdlərə sertifikatlar təqdim olunub.

Təlim keçmiş şagirdlər martın 4-də Formula 1 simulyator yarışlarına qatılıblar. Mingəçevir şəhərinin 20 orta ümumtəhsil məktəbinin hər birindən 10 nəfər yuxarı sinif şagirdinin mübarizə apardığı yarışda  16 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Xası İsgəndərli fərqlənib. O, simulyatorda Bakı Şəhər Halqasını 5 dəqiqə 51 saniyəyə dövrə vuraraq, iştirakçılar arasında ən sürətli nəticə göstərib. Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan Xası İsgəndərliyə sertifikat təqdim olunub.

O, qazandığı qələbənin sevincini qəzetimizin  müxbiri ilə bölüşüb. O, yarışın iştirakçısı olduğu üçün çox həyəcanlandığını və əldə etdiyi qələbəyə görə sevinc hissi keçirdiyini bildirib: “Yarış bir qədər çətin oldu. Çünki Bakı Şəhər Halqasında yarışmağın müəyyən çətinlikləri var. Təlimlərin keçirildiyi gün simulyatorlarda bir neçə dəfə sınaq yürüşləri etdim və qələbə qazanacağıma inanırdım. Nəhayət, qələbə qazandım. Mingəçevir şəhərini Bakıda keçiriləcək final yarışında yüksək səviyyədə təmsil edərək, orada da qalibiyyət əldə etmək istəyirəm. Hər il şəhərimizdə məktəblilər arasında belə yarışlar keçirilsə, hamı yol hərəkət qaydalarını mənimsəyər. Bu yarışa qatılan hər bir məktəbli çox sevinir və onlar növbəti illərdə bu yarışlarda iştirak etməyi indidən səbirsizliklə gözləyirlər”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsi Gülnaz Quliyevanın dediyinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın bölgələrində gənclər arasında Formula 1 yarışı, yol hərəkəti təhlükəsizliyi və avtomobil idmanı haqqında məlumatlılığı artırmaqdır. Ümumilikdə 6 bölgəni əhatə edən çempionatın ilk mərhələsində hər region üzrə bir qalib seçilir. Qaliblər Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək final mərhələsində yarışacaqlar. Yarışın sonunda qalibə və final mərhələsinin digər iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunacaq.

“Formula 1 Bakı şəhərində keçirildiyi üçün paytaxtda bu yarış haqqında hər kəsin məlumatı var. Layihə bölgələrimizdə yaşayan gənclərin Formula 1 yarışları ilə bağlı məlumatlandırılması ilə yanaşı, eyni zamanda, onların sosial həyatlarına da bir yenilik gətirir”,– Gülnaz Quliyeva deyib.

Qeyd edək ki, respublikanın bölgələrində fevralın 19-dan başlayan layihə martın 10-dək davam edəcək. Çempionatın mərhələləri indiyədək Lənkəran, Şirvan və Horadizdə keçirilib, bundan sonra isə yarış Qax və Qubada təşkil olunacaq.

Məqalə Qiyməti