Mingəçevirdə şahmat üzrə uşaqlar arasında Azərbaycan birinciliyinin seçmə yarışları keçirilir

: Mingəçevirdə şahmat üzrə uşaqlar arasında Azərbaycan birinciliyinin  açılış mərasimi
Mingəçevirdə şahmat üzrə uşaqlar arasında Azərbaycan birinciliyinin açılış mərasimi

Mingəçevirdə şahmat üzrə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışlarına başlanıb. Bü münasibətlə yanvarın 27-da şəhərdəki 10 saylı tam orta məktəbin akt zalında açılış mərasimi baş tutub. Mərasimi giriş sözü ilə Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli  açıb. Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, FIDE dərəcəli hakim Qüdrət İsmayılov çıxış edərək,  belə yarışların ölkədə şahmatın  inkişafında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bildiriblər ki, bu idman növünə hələ ulu öndərin vaxtında çox böyük diqqət var idi. Bu gün  digər idman növləri kimi şahmat da ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur.

Açılış mərasimində Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzi şagirdlərin ifasında şən mahnı və rəqslər,  kiçik səhnəciklər nümayiş etdirilib.

Qəzetimizin müxbirinin suallarını cavablandıran  Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov deyib ki, bu gün regionlarımızda çoxlu sayda, hətta beynəlxalq səviyyədə yarışlar təşkil olunur: “Hər il ənənəvi olaraq bizim beynəlxalq qrossmeystr Vüqar Həşimovun xatirəsinə həsr olunmuş qran-pri tədbirləri keçiririk. Bu yarışlarda  dünyanın müxtəlif ölkələrindən tanınmış şahmatçılar iştirak edirlər. İndi də Mingəçevirdə şahmatçılarımızın birinciliyinə başlanıb. Bu yarışın nəticələrinə görə,  bizim ölkə çempionatına reytinq qazanan şahmatçılarımız olacaq. Təbii ki, belə tədbirlərin olması rəqabəti formalaşdırır və gələcəkdə ölkəmizi təmsil edəcək şahmatçıların yetişməsində böyük əhəmiyyətə malikdir.  Əminəm ki, bu tədbirlər bizim məktəblilərimizin və  azyaşlı uşaqlarımızın intelektual səviyyəsinin artmasında və  gələcəkdə idmançı kimi formalaşmasında böyük  rol oynayacaq”.

Yarışlar fevralın 4-dək davam edəcək. 

Məqalə Qiyməti