Bu yazı hələ uğurları qarşıda olan idmançı Vəli Əliyev haqqındadır

: Vəli Əliyevin idman uğurları
Vəli Əliyevin idman uğurları

        Vəlinin dekabrın 3-də on üç yaşı tamam oldu. İlk baxışda nəzəri bir o qədər də cəlb etməyən, yaşıdlarından bəlkə də arıq və çəlimsiz görünən bu oğlanın daxili aləmi gücü və enerjisi ilə təzad təşkil etdiyindən rinqə çıxdığı rəqiblərini çaş-baş salıb. “Buna qalib gəlməyə nə var”-deyə fikirləşənlər yanılıb, fürsəti əldən veriblər. Beləcə, 2010-cu ilin yayından - ilk məşqlərə başlayan altı yaşlı Vəli idman sahəsində zaman-zaman imzasını yazdırmağa başlayıb. Hər turnirdən, müxtəlif yarışlardan, mötəbər birinciliklərdən əldə edilən diplom, kubok, medallar sıralanmağa başlayıb. O özü də şərəfli bir ad daşıyan idman növünə ürəkdən bağlanıb. Mənası qədim türk dilində “müqəddəs döyüşçü” mənasını verən Alpaqut Turan Döyüş Sənəti üzrə idmanın sirlərinə yiyələnir.

         Vəlinin məşqçisi Mehman Məlikov deyir:

         - Son illər yetirmələrim arasında çəki dərəcəsinə və yaşına görə ən ümidverici gənclərdən biri, bəlkə də birincisi Vəlidir. O, verilən tapşırıqlara, yerinə yetirməli olduğu təmrinlərə ürəklə yanaşır. Hiss edirsən ki, idmanı həyatının mənasına çevirib. Odur ki, hər iştirak etdiyimiz turnirdə onun qalib gələcəyinə, ümidlərimi doğruldacağına inanıram. Vəlinin yarışlara qatılmasına həvəslə razılıq verirəm. Bu işdə Vəlinin atası da mühüm rol oynayır. Övladının bütün qayğıları ilə yaxından maraqlanır, onu bu sahəyə daha da həvəsləndirir. Vəlinin idman karyerasına böyük ümidlər bəsləyirik...

         Yeri gəlmişkən onu da bildirək ki, Vəli Əliyevin idman nailiyyətləri onun həm də yaxşı oxumasına, zehninin inkiafına təkan verir. Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin VII c sinfinin əlaçı şagirdlərindən biridir. Sinif yoldaşları, habelə məktəbin pedaqoji kollektivi onun uğurlarını diqqətlə izləyir və qazandığı nailiyyətlərə ürəkdən sevinirlər. Təbii ki, dərslərini əla oxuyan, nizam-intizamlı, nümunəvi şagirdin uğurlarına hamı sevinər...

         İlk dəfə Mehman müəllimdən öyrəndiyini sınaqdan çıxarmaq üçün yarışlara qatılanda onun 9 yaşı vardı. Respublikamızın Bərdə şəhərində keçirilən 20 Yanvar Şəhidlərinin əziz xatirəsinə həsr edilmiş yeniyetmə gənclər və böyüklər arası Aşihara karate üzrə açıq Qarabağ birinciliyində 9 yaşlılar qrupunda 23 kq. çəkidə birinci yeri tutduğuna görə Diplomla təltif edilib.

         Beləcə uğurlarının təməlini qoyan Vəli yarışlara qatıldığı hər səfərindən Diplom və ya medalla qayıdıb. Valideynlərini sevindirib, məşqçisinin ümidlərini doğruldub.

         2016-cı ilin dekabrında Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Beynəlxalq turnir Vəlinin mübarizliyini, cəsurluğunu, yurd sevgisini üzə çıxardı: iki erməni və bir gürcü idmançısını məğlub edərək qızıl medala layiq görüldü.

         Bu layiqli qələbəyə görə yetirməsini bağrına basıb ürəkdən sevinən Mehman Məlikov kimdir?

         - Karate üzrə ilk addımlarını 1970-ci illərdə Rusiyanın Perm şəhərində atan Mehman Məlikov ali təhsilli məşqçi, karate üzrə qara kəmər ustasıdır. 1990-cı ildən Mingəçevirdə yaşayan Mehman müəllim şəhərimizdə kinq-boksinq və karatenin yaradıcısı sayılır və misilsiz xidmətləri olan təvazökar bir insandır. Ömrünün 30 ilə yaxın dövrünü mingəçevirli yeniyetmə və gənclərinin idman həyatına həsr etmiş Mehman müəllim yüzlərlə mütəxəssis yetişdirib. İndi Mingəçevirin və respublikamızın müxtəlif yerlərində onun onlarla yetirməsi məşqçilik fəaliyyəti ilə məşğuldur. Onun yetirmələri sırasında neçə-neçə dünya, Beynəlxalq və Azərbaycan çempionatlarının, turnirlərinin qalibləri vardır! O bu gün də yorulmadan məşqçilik fəaliyyətini davam etdirir. Alpaqut Turan Döyüş Sənəti Federasiyasının Mingəçevir şəhər şöbəsinin sədri, kinq-boksinq üzrə məşqçi və hakimdir...

         İki il dalbadal - ötən il və bu il ümummilli lider Heydər Əliyevin doğum günlərinə həsr olunmuş turnirlərdə birinci yerə layiq görülməsini Vəli idman həyatının ən unudulmaz günlərindən sayır. Belə yarışlar həm də ona neçə-neçə dost, tanış qazandırıb. Onun idman səfərlərini özündə cəmləşdirən böyük bir albomu var. Burada Vəlinin Azərbaycan zabiti, hamının sevimlisi Ramil Səfərovla, Pakistandan, Hindistandan, Qırğızıstandan, Qazaxıstandan... gəlmiş idmançılarla foto-şəkilləri yer alıb.

         Vəlinin mənzillərində ayrıca otağı var. Burada onun qazandığı Diplomlar, Kuboklar və medallardan ibarət guşəsi var. Valideynləri onun fəxri mükafatları üçün, kolleksiyasını sərgiləmək üçün ona hər cür şərait yaradıb. Foto-şəkilləri hər bir yarışdan olan anları yada salır.

         Vəli üçün 2017-ci ilin ən yaddaqalan hadisələrindən biri də noyabrda Bakının “Sərhədçi” Olimpiya İdman Kompleksində Alpaqut Turan Döyüş Sənəti üzrə Dünya Kuboku yarışlarında idmanın Cayamaz növündə birinci yeri tutması oldu.

         Dünya və Azərbaycan Alpaqut Federasiyalarının birgə təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycanla birgə Almaniya, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, İran, Gürcüstan, Rusiya, Macarıstan, Nepal, Hindistan, Pakistan, Banqladeş və Ukraynadan gələn gənclər iştirak edib. Demək çox xoşdur ki, Azərbaycan milli komandası Dünya Kubokunun qalibi adını qazanıb. Vəli Əliyevin komanda yoldaşları, Mehman müəllimin yetirməsi Tanrıverdi Aslanlı və Məhəmməd Nəbiyev Vəlinin uğurlarını təkrarlayıblar. Digər yoldaşları Əbülfəz Hümbətzadə üçüncü, Cavidan Salmanlı isə Batur növündə ikinci yeri tutublar. Qaliblərə Diplom və medallar veriblər.

         Bəli, Vəli Əliyevin idman və təhsil uğurları hələ qabaqdadır. Yeddi il ərzində hamısı birinci yer olmaqla 42 diplom, kubok və medalla təltif olunan Vəlinin nəticələri onun gələcəkdə məşhur bir idmançı olacağına inam yaradır.

         Uğur olsun, gənc dost! Səninlə fəxr etmək olar!

Məqalə Qiyməti