Mingəçevir İcra Hakimiyyətində dövlət-din münasibətləri barədə məlumatların əhaliyə çatdırılması üçün təbliğat qrupu yaradılıb

: Təbliğat qrupu üzvləri ilə avqustun 20-də keçirilən görüşdə
Təbliğat qrupu üzvləri ilə avqustun 20-də keçirilən görüşdə

“Ümummilli lider Heydər Əliyev insanların dini inanclarına yüksək dəyər verirdi. O, dini bayramlara qatılır, məscidləri, ziyarətgahları bərpa etdirirdi. Həmin siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də layiqincə davam olunduğunun şahidiyik.  Bu gün başlıca vəzifəmiz  dövlət-din münasibətləri barədə məlumatları insanlara düzgün çatdırmaqdır”.   

Bu fikirləri dövlət-din münasibətləri barədə məlumatların əhaliyə çatdırılması məqsədilə yaradılan təbliğat qrupu üzvləri ilə avqustun 20-də keçirilən görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov səsləndirib. Qrupun görəcəyi işlərdən danışan birinci müavin diqqəti bir sıra məqamlara yönəldib. Bildirib ki, dini istiqamətdə küçə yürüşlərinin, məhəllələrdə yığıncaqların keçirilməsinin yolverilməzliyi əhaliyə izah olunmalıdır: “Mərasimlər, o cümlədən imamın 3, 7 və 40-da ehsanlar yalnız məscidlərdə təşkil olunacaq, lakin radikal dini cərəyanların bunlardan öz məqsədləri üçün istifadə etmələrinə yol verilməməlidir. Dini atributların məscidlərə və ziyarətgahlara asılması düzgündür, evlərə, maşınlara, binaların fasadlarına, dayanacaqlara, işıq dirəklərinə, sahibkarlıq obyektlərinə vurulması isə qanuna zidd hərəkətdir.  Dini dəyərlərə hörmətlə yanaşan Azərbaycanın dünyəvi dövlət olduğunu, hamının ölkə Konstitusiyasının tələblərini yerinə yetirmək məsuliyyəti daşıdığını, regonda siyasi, sosial və iqtisadi cəhətdən  daha stabil ölkə hesab edilən Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini şəhər sakinlərinə vaxtaşırı izah etmək lazımdır”.

İ.İsmayılov  “Aşura günü” zəncirvurma, başyarma hallarının İslami dəyərlərlə bir araya sığmadığı barədə də danışıb: “Bu halların insan üçün zərərli olmasını izah edin. Əgər kimsə qan çıxarmaq istəyirsə, gəlsin Heydər məscidinə, qanvermə aksiyasında iştirak etsin. Bununla da hər bir müsəlman mənəvi borcunu yerinə yetirməklə, müharibə şəraitində olan ölkəmiz üçün, qan xəstəsi olan insanlar üçün xeyirxah iş görmüş olar”.

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov müəllimlərlə bu mövzuda izahat işi aparıldığını, eyni zamanda dərs ilinin ilk günündən etibarən tələbələrə də xəbərdarlıq olunacağını diqqətə çatdırıb: “Dini mərasimlərə qatılmaq adı ilə dərslərdən yayınmalara yol verilməyəcək”.     

Tədbirdə təbliğat qrupü üzvlərinə dövlət-din münasibətləri haqqında qısa informasiya və tövsiyyəedici məlumatlar və yaşayış massivlərində planlaşdırılan görüşlərin cədvəllləri də təqdim olunub.  

Məqalə Qiyməti