Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ Seçkiləri 2020

279

VAŞINQTON – Bir neçə ştatda koronavirus pandemiyası üzündən çox sayda poçtla göndərilən səslər sayıldığı bir vaxtda ABŞ prezident seçkilərinin yekun qalibi qeyri-müəyyən qalır.

Prezident Donald Tramp və onun Demokrat rəqibi Co Bayden qələbələri öncədən gözlənilən ştatlarda qalib gələrək Ağ Evə yiyələnmək üçün elektoral səslər toplayıblar.

ABŞ seçki sisteminə əsasən ştatlar əhaliyə müvafiq olaraq müəyyən sayda elektoral səsə malikdirlər ki, bunların 270-ni udan namizəd prezident seçilir.

Xüsusi əhəmiyyətə malik Corciya, Pennsilvaniya, Arizona və Nevada ştatlarında səsvermənin yekun nəticələri hələ bilinmədiyinə görə hansı namizədin 270 səslik baryerə çatdığı qeyri-müəyyən qalır.

Tramp son səs sayına görə Pennsilvaniya və Corciya ştatlarında, Bayden isə Arizona və Nevadada irəlidə gedir.

Baydenin Viskonsin və Miçiqan ştatlarındakı qələbələri onu 270 rəqəminə yaxnlaşdırır.

4 noyabr üçün ABŞ seçki xəritəsi
4 noyabr üçün ABŞ seçki xəritəsi

Lakin Tramp kampaniyasının meneceri Bill Stefien Viskonsin ştatının bəzi qraflıqlarında pozuntulara dair iddiaların olduğunu deyərək bunların nəticələri şübhə altına ala biləcəyini deyib.

“Prezident səslərin yenidən sayılması üçün tələb olunan həddə yaxındır və biz bunu dərhal edəcəyik,” Stefien deyib.

Əlavə olaraq, Tramp kampaniyası ABŞ Ali Məhkəməsindən Pennsilvaniyada səslərin sayılmasına müdaxilə etməyi xahiş edib.

Çərşənbə günü günorta saatlarında qələbə şansları artan Bayden müxbirlərə deyib ki, o, hələlik qələbə elan etməyəcək, lakin əlavə edib: “Səs sayımı bitdikdən sonra biz inanırıq ki, qalib olacağıq. Mən çox yaxşı hiss edirəm.”

“İndi hər bir səs sayılmalıdır,” deyə Bayden nəticələrin qeyri-müəyyən qaldığı ştatlardakı səs sayımı prosesi haqda fikrini ifadə edib.

Məqalə “Amerikanın səsi”ndən götürülüb.

Şərhlər bağlıdır.