Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hərbi xidmətə yararsız gənci orduya göndərən həkimlə bağlı qərar açıqlandı

9 ay xidmət edən çağırışçı sonradan tibbi komissiya tərəfindən yararsız hesab edilib, təqsirləndirilən şəxs amnistiya ilə azad olunub

52

Hərbi xidmət üçün sağlamlıq vəziyyəti uyğun olmadığı halda 18 yaşlı gəncə müsbət tibbi rəy verən Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahı ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

Bərdə Rayon Məhkəməsində baxılan iş üzrə 1962-ci il təvəllüdlü həkim-ümumi cərrah Cavid Tağıyev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilib.

Araşdırma zamanı məlum olub ki, 2024-cü ilin aprel çağırışı dövründə hərbi-həkim komissiyasının üzvü kimi fəaliyyət göstərən həkim 2006-cı il təvəllüdlü çağırışçını müayinə edərkən zəruri tibbi prosedurları tam həyata keçirməyib. Hər iki ayaqda boylama yastıayaqlılıqdan əziyyət çəkən gənc rentgen müayinəsinə göndərilməyib və xəstəliyinə baxmayaraq, onun hərbi xidmətə yararlı olması barədə rəy tərtib edilib.

Bu qərar əsasında çağırışçı müddətli həqiqi hərbi xidmətə göndərilib. Lakin xidmət dövründə səhhətində yaranan problemlər, xüsusilə böyrək nahiyəsində ağrılar səbəbindən o, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.

Sonradan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının komissiyası tərəfindən aparılan müayinə zamanı əsgərin hər iki ayağında yastıayaqlılıq təsdiqlənib. Komissiyanın rəyinə əsasən, o, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə şəraitində isə məhdud yararlı hesab olunub. Nəticədə gənc 9 ay xidmət etdikdən sonra ordudan tərxis edilib.

Təqsirləndirilən həkim məhkəmədə ittihamı qəbul edib, yaşının 63 olduğunu, yol verdiyi səhvə görə peşmanlıq hissi keçirdiyini bildirib.

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tətbiq olunan amnistiya aktına əsasən, o, cinayət məsuliyyətindən azad edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.