Bizimlə həyatınız həmişə işıqlı olacaq!

190 manat kimlərə düşmür?

212

“Mingəçevir işıqları” qəzeti novator.az səhifəsinə istinadən bu barədə məlumatı oxucuları ilə bölüşür. 

Baş nazir Əli Əsədovun aprelin 4-də təsdiqlədiyi planda muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi; fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi; sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi; dövlət əmlakını icarəyə götürmüş sahibkarlıq subyektlərindən icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması; zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq “0” dərəcəyə endirilməsi (və ya azaldılması); işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi; sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənməsi; əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kilovat-saat həcmində artırılması və başqa məsələlər var.

Aprelin 7-də jurnalistlərə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, hökumətin planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə dörd istiqamət üzrə tədbirlər əksini tapır: “Bu istiqamətlər üzrə 10 dəstək tədbiri 1 milyon 900 min vətəndaşı əhatə edir, ayrılan vəsait 394 milyon manatdır. Məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətləri üzrə ayrılan 394 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiə Fondunun, 91 milyon manatı işsizlikdən sığorta fondunun büdcəsindən ayrılacaq. Dövlət və özəl sektoru üzrə işləyənlərə, işsizlərə, həssas qruplardan olanlara dəstək göstərilməsi nəzərdə tutulur”.

Nazir işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində – 190 manat birdəfəlik ödəmə veriləcəyini də vurğulayıb: “Bunun üçün 70 milyon manat ayrılıb. İşsiz şəxslər işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan şəxslərdir. Muzdla, yəni əmək müqaviləsi ilə işləyənlər, mülki-hüquqi xarakterli, yəni xidməti müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və başqaları məşğul şəxs sayılırlar və işsiz şəxs kimi qeydiyyata alınmırlar”.

Birdəfəlik ödəmənin dövlətdən sosial ödəniş (pensiya, müavinət, təqaüd, subsidiya və s.) alan insanlara və ailələrə verilməyəcəyini qeyd edən nazir bildirib ki, ailənin bir üzvü əməkhaqqı, pensiya və s. ödəniş alırsa, ailənin digər üzvü işsiz olsa da, birdəfəlik ödəmə almayacaq: “Ödəmə onu almaq üçün ailədə iki və daha artıq şəxsin işsiz olmasına rəğmən yalnız bir şəxsə ödənəcək”.

Novator.az-ın məlumatına görə, aprelin 7-də Nazirlər Kabineti işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasını təsdiqləyib. Qaydaya əsasən, dövlət qurumlarından bu ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:

– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

– əmək pensiyaçılarına;

– aylıq müavinət alanlara;

– aylıq təqaüd alanlara;

– özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

– işsizlikdən sığorta ödənişi alanlara;

– peşə hazırlığına görə təqaüd alanlara;

– 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

– əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya rəsmi aktiv əmək müqaviləsi bildirişi olanlara;

– əri və ya arvadı ünvanlı dövlət sosial yardımı və 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya alan şəxslərə.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli hökumətin işsiz şəxslərə 190 manat verilməsi üzrə tətbiq etdiyi məhdudiyyətləri pisləyib. O, “Facebook” səhifəsində yaydığı şərhdə müvəqqəti yaşadığı ABŞ-dan nümunə gətirir: “ABŞ-ın 330 milyon nəfər ətrafında əhalisi var. Hazırkı bioloji böhran ölkəyə böyük sarsıntılar gətirib. İşsizlərin sayı 1929-1930-ci illərin böyük böhranın göstəricilərini arxada qoyub, 7 milyon ətrafındadır.

Amma 90 il bundan əvvəllə müqayisədə Amerika sosial və iqtisadi cəhətdən çox güclüdür. ABŞ hökuməti elan etdi ki, önəmlisi millətin həyatını xilas etməkdir, dövlətin nəzarət etdiyi sərvət Amerika xalqına məxsusdur. Bütün biznes qurumları, xüsusilə orta və xırda biznes dövlətin qayğısı ilə əhatə olunub, işsizlərin hamısı həftədə 600 dollar yardımla təmin edilir.

Kimin illik gəliri 32 min dollardan aşağıdırsa, onlar yoxsul hesab edilirlər. Senatın qərarına görə, illik gəliri 75 min dollardan aşağı olan hər kəs 1200 dollar və 21 yaşına qədər uşaqlar (yaş senzi ştatdan ştata fərqli ola bilər) 500 dollar birdəfəlik yardımla təmin edilirlər.

75 min dollardan 99 min dollara qədər illik gəliri olanlar da təxminən 1000 dollar ətrafında birdəfəlik yardım ala biləcəklər. Hətta nikahda olan ər-arvadın birlikdə illik gəliri 199 min dollardan azdırsa, onlar da sosial paketin dairəsinə daxil ediliblər.

Burada və bütün dünyada belə bir şey yoxdur ki, ailədə kimsə işləyirsə, kimsə pensiya alırsa, ailənin işləməyən digər üzvü yardımdan məhrum edilsin. Necə olur vergi tutanda, sosial fondlara pul tələb edəndə, cərimələyəndə hər kəsi fərdi qaydada nəzərdə tuturlar, yardım göstərəndə ailəvi cavabdehlik yada düşür?”

Şərhlər bağlıdır.