Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kağız daşıyıcılardan reaktiv xidmətlər dövrünə

359

TƏBİB “e-təbib”i dəstəkləyir

Koronavirus infeksiyasından özünü necə qorumalı? Təbii ki, maska və əlcək taxmaq, sosial məsafəni gözləmək, gigiyenik qaydalara ciddi əməl etmək vacibdir. Lakin etiraf edək ki, bütün bunlar yetərli deyil. Biz həm də çevrəmizdən daha çox bilgi əldə etməliyik ki, ehtiyatlılığı əldən verməyək. Bu gün mobil nömrə və ya sosial şəbəkə hesabına malik hər kəs virusdan mühafizə olunmaq üçün ən vacib məlumata sahiblənə bilir. Çünki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin hazırladığı “e-tabib” mobil tətbiqi artıq bizimlədir. “A2Z Advisors”  şirkətinin ərsəyə gətirdiyi və TƏBİB-in dəstəklədiyi bu tətbiq Azərbaycanda koronavirus infeksiyasına yoluxma faktları qeydə alınan, müalicə olunan və evə buraxılan şəxslər haqqında, test nəticəsində şəxsin pozitiv və ya neqativ olduğu barədə informasiyaları çatdırır, tez-tez verilən suallara cavabları və görülən profilaktik tədbirləri açıqlayır. “Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər! Tətbiqin köməyi ilə bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür”. . Üstəlik SMS-lə küçəyə çıxmağın icazə verildiyi şəhər və rayonların vətəndaşları bu icazəni mobil tətbiq üzərindən rahatlıqla əldə edə bilirlər.

“E-təbib” həyata bu ilin yayında vəsiqə alsa da, geniş müzakirə mövzusuna çevrilib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gunduz belə hesab edir ki, yeni tətbiq həm koronavirusla bağlı məlumatlandırma və statistikanı yayır, həm də istifadəçi haqqında dataları toplayıb, koronavirusdan qorunmaq imkanlarını təklif edir: “İstifadəçi haqqında məlumatların toplanması, onun izlənməsi, fərdi məlumatlarının əldə edilməsi haqqında Müqavilə təklif edilir. Müqaviləni imzalamaqla siz özünüz haqqında məlumatların toplanmasına razılıq vermiş olursunuz. Əlbəttə, hansısa fərdi məlumatların sızması ilə bağlı risklər burada mövcuddur. Amma nəzərə almaq lazımdır ki, çoxsaylı istifadəçilərin qeydiyyatı nəticəsində toplanan data koronavirusun qarşısının alınmasında mühüm rol oynayır”.

Yeri gəlmişkən, artıq bir sıra ölkələrdə daha mükəmməl tətbiqlərin hazırlandığı barədə xəbərlər paylaşılır. Almaniyada məskunlaşan jurnalist Cəsur Məmmədovun açıqlamasına görə, iyunun 14-dən  yaşadığı  ölkədə Corona Warn  App (Korona Varn Tətbiqi) istifadəyə verilib əhalinin əksəriyyəti bu tətbiqi telefonuna yükləyib

Ən başlıcası, tətbiqin yükləndiyi telefonun sahibinin kim olması ümumiyyətlə müzakirə mövzusu deyil. Yəni telefon özü “şəxs” kimi çıxış edir, şəxsi məlumatlar və s. barədə narahatlığa yer qalmır. Tətbiq blutusla işləyir və internet üzərindən yenilənir. Ondakı məlumatlar 14 günlükdür – yəni virusun aşkar olunması dövrü. Sonra məlumatlar sıfırlanır və yenidən 14 günlük işləmə mərhələsinə qədəm qoyur.

Müsahibimiz yeni tətbiqin iş prinsipini də diqqətə çatdırır: “Tutaq ki, şərti olaraq “A” işə gedir və yolda “B”nin yanından keçir. Bu zaman onların telefonları blutus vasitəsilə avtomatik qarşılıqlı olaraq kodlaşırlar. Hər iki telefon yalnız vaxtı yadında saxlayır. 5 gündən sonra “B”-də virus aşkar olunur və o, xəstəxanaya götürülür (və ya evdə karantinə alınır). Bu zaman “B” tətbiqə yoluxma məlumatını daxil edir (Bu, tətbiqin şərtlərindəndir). Bundan sonra isə yoluxma məlumatı internet vasitəsilə  onun 14 gün ərzində təmasda olduğu (yol getdiyi, yemək yediyi, yanından keçdiyi və s.) bütün adamların telefonlarına ötürülür. O cümlədən “A”-ya”. “A” müvafiq strukturu məlumatlandırır və onu test edirlər. Əgər onda da koronavirus aşkarlansa, məlumatı tətbiqə daxil edəcək və onun kontaktda olduğu adamlara məlumat gedəcək”.

Azərbaycan sənaye inqilabı üzrə regional mərkəzə çevrilir

Prezident İlham Əliyev “Microsoft” şirkətinin rəhbərləri ilə 2020-ci il iyunun 16-da keçirilən videogörüşündə vurğuladığı kimi, bu gün Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir: “Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər.”

Prezident onu da diqqqətə çatdırıb ki, hazırda Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində iş aparılır: “İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir. Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır.”.

İKT hərbi sənayemizi modernləşdirir

Bir çox ekspertlər belə hesab edirlər ki, 44 gün davam edən ikinci Qarabağ Müharibəsində hərb sahəmizin İKT ilə ciddi bağlılığı böyük qələbəmizin əldə edilməsində mühüm rol oynayıb. Bu baxımdan hərbi ekspert Ədalət Verdiyevin Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “İTİ QOVAN” pilotsuz uçuş apatlarının imkan və texniki göstəriciləri barədə fikirləri maraq doğurur. Onun dediyinə görə, 2016-cı ilin Aprel əməliyyatları zamanı Azərbaycan MSN-nin tərkibindəki müəssisələrdən birində “Orbiter” ailəsinə məxsus PUA-ların istehsal edildiyi məlum olub: “Yerli istehsalçı tərəfindən ictimaiyyətə “Zərbə” pilotsuz uçuş aparatı kimi ilə təqdim edilən bu pilotsuz vasitələr son günlər “İTİ QOVAN” adı ilə Silahlı Qüvvələrə çatdırılır”.

Ekspertin fikrincə, “Gəzən sursat” sinifinə aid “İTİ QOVAN” PUA-ları quruda, dənizdə və havada həm kəşfiyyat, həm hədəflərə zərbə vəzifələrinin yerinə yetirmək üçün nəzərdə tutulub: “Bu PUA ön hissəsində yerləşən partlayıcı yükü daşımaq üçün uyğunlaşdırılan korpusa malikdir. Əvvəlki nəsil aparatların müsbət cəhətlərini özündə birləşdirən “İTİ QOVAN” PUA-sı 30 sm yüksəkliyə, 1 metr uzunluğa və 2.2 metr qanad açılımına malikdir. 5500 metr yüksəklikdə və 50 km radiusda kəşfiyyat xarakterli vəzifələri yerinə yetirən PUA-nın kütləsi 6.5 kq, maksimum sürəti isə 140 km/saatdır. Uçuş müddəti 2-3 saat arasında dəyişir. Bütün görüntülər, əldə edilən video və telemetrik kəşfiyyat məlumatları 12 saatlıq həçmə malik sərt diskə yazılmaqla onlayn rejimdə idarəetmə məntəqəsinə də göndərilir. “Gəzən döyüş sursatı”nın qəlpəli fuqas başlığından ibarət faydalı yükünün kütləsi 2.2-2.6 kq arasında dəyişir”.

Təbii ki, Vətən müharibəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının üstünlüyü, ən başlıcası isə əsgər və zabitlərimizin şücaəti, canı və qanı bahasına Azərbaycan torpaqları 30 ilə qədər davam edən işğaldan azad edilib. Amma yeni texnologiyaya söykənən “İti Qovan”larımız da düşmənin başını əzməkdə özünü 4 ildən sonra daha müasir formada təsdiq etməyə müvəffəq olub. İndi bütün dünya  birmənalı şəkildə Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi hesab edir.

Hər işimiz “ASAN”laşıb

Bu gün elektron xidmətlərdən geniş istifadə həyatımızın ayrılmaz hissəsinə çevrilib. “ASAN” modeli isə nəinki ölkəmizdə, hətta bütün  dünyada ən rahat xidmət brendinə çevrilib. İndiyədək Azərbaycanda “Asan” xidmət mərkəzlərinə 41 milyona yaxın müraciət olunub. Çünki bu mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. Onlar vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin sözlərinə görə, hazırda 11 ölkədə “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı ciddi işlər aparılır: “Həmin ölkələr Monteneqro, Mərakeş, Uqanda, Türkiyə, Özbəkistan, Əfqanıstan, İndoneziya və başqalarıdır. “ASAN xidmət”in işçi qrupu hər bir ölkə ilə bu istiqamətdə çalışır”. Məlumat üçün bildirək ki, hələ 2015-ci ildə BMT-yə üzv ölkələrin Dövlət Xidmətləri Forumunda dövlət xidmətlərinin çatdırılması kateqoriyası üzrə “ASAN Xidmət” konsepsiyası I yerə layiq görülüb və BMT-yə üzv olan bütün ölkələrə bu modelin tətbiqi tövsiyyə olunub.

“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. Bu mərkəzlər  dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.

2025-ci ilədək kağız daşıyıcılara ehtiyac olmayacaq

Azərbaycanda ən yeni texnologiyaya söykənən sistemin qurulması imkan verib ki, COVİD-19 virusunun yayıldığı və hələ də davam etdiyi zamanda idarəetmə və idarəolunma prosesində hərc-mərclik yaranmasın. Məsələn, onlayn icazələrin nə qədər vacib və əlçatan olduğunu hamı görür. Bir anlığa təsəvvür edək ki, sürətlə rəqəmsallaşmaya getməsəydik, bizi hansı acı nəticələr gözləyirdi.

Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) Strateji İnkişaf və Kommunikasiyalar departamentinin rəhbəri  Soltan Bayramovun fikrincə, Azərbaycanda rəqəmsal hökumətə keçid 2003-cü ildən başlayıb: “On il ərzində ilk addımlar atıldı.  Bu dövrü kağız daşıyıcılardan elektron mühitə keçid kimi, skan olunma kimi də qiymətləndirmək olar. 2013-cu ildən dövlət xidmətlərini birləşdirən dövrə qədəm qoyuldu, vahid nöqtədən idarəetmə mexanizminə (one stop shop) keçildi. Məsələn, “Asan xidmət”in cari modeli buna ən yaxşı nümunədir. Son bir ildə reaktiv xidmətlər həyatımıza daxil oldu, bu ildən isə yeni texnologiyalar dövrü (non stop shop) başlayıb. Xüsusən pandemiya prosesi xeyli sürətləndirdi. Bizim hədəfimiz budur ki, 2025-ci ilədək kağız daşıyıcılara ehtiyac qalmasın”.

EHİM-in Layihələrin Hazırlanması şöbəsinin böyük mütəxəssisi Nərgiz Rəsulova da bu qənaətdədir ki, hazırda Azərbaycanda hər kəsin hansısa dövlət kontoruna getmədən əksər işləri öz evindən həyata keçirməsi mümkündür: “Məsələn, yaşadığı ucqar kənddə arı saxlayanın  hər arı ailəsinə görə dövlətdən 10 manat subsidiyanı alması üçün artıq nə Bakıya, nə rayon mərkəzinə getməsinə, kiməsə zəng vurmasına ehtiyac qalmır.  Arıçı “eagro.az”a daxil olub, məlumatlarını yerləşdirir, bundan sonra müvafiq qurum monitorinq aparır və vəsait ödənilir. Əgər neqativ hal baş verərsə, aqrar xidmət sektorunda çalışan onlayn şikayət də edə bilir. Belə vəziyyət isə şəffaflığa gətirib çıxarır”.

Yeri gəlmişkən, hökumətin son illərdə həyata keçirdiyi digər  uğurlu layihələr də (“e-Gov”,  “ASAN Login”, “ASAN ödəniş”“ASAN Viza”, “e-Satınalma”, “dxr.az”, “birpencere.arxkom.gov.az”, “lisenziya.gov.az”,  “e-icazə“, “myCov” və başqaları) Azərbaycan vətəndaşına məsələlərini çevik həll etmək, daha asan və rahat yaşamaq imkanı verir. İndi insanlar internet üzərindən başqasına etibarnamə də verə bilir. Yeganə problem əhalinin, xüsusən regionlarda yaşayanların ciddi maarifləndirilməsi və yeniliyə alışmasıdır.

Şərhlər bağlıdır.