“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Mingəçevirdə mediada vətənpərvərliyin təbliği məsələlərini müzakirə etdi

Fərman Nəbiyev: “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin Mingəçevir Media Mərkəzində tədbiri
“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin Mingəçevir Media Mərkəzində tədbiri

“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi  Mingəçevir Media Mərkəzində keçirdiyi tədbirlə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsini yekunlaşdırıb. Energetiklər şəhərinin dövlət və ictimai qurumlarının təmsilçilərinin, Qarabağ müharibəsi iştirakçılarının, media nümayəndələrinin iştirak etdikləri tədbir mövzu ilə bağlı ekspert çıxışları, geniş müzakirələr və təkliflərlə yadda qalıb.

“Dəyirmi masa”nı Mingəçevir İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sahib Əliyev açıb: “Vətənpərvərlik yalnız dünənin, bu günün deyil, sabahın da aktuallığını itirməyən mövzularındandır. Praktika göstərir ki, həmin işlə bilavasitə məşğul olan təhsil, mədəni–maarif müəssisələrinin səyləri digər qurumlarla birləşəndə, media isə bunları müntəzəm, dolğun şəkildə işıqlandıranda daha səmərəli nəticələr əldə edilir”.

Zərdabi Mətbuat Mərkəzinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə layihənin həmin sahədəki təşəbbüslərin yayılmasına dəstək məqsədilə həyata keçirildiyini vurğulayıb:  “Vətənpərvərlik dedikdə göz önünə ilk növbədə sərhədlərimiz, əli silahlı hər cür şücaətə hazır olan döyüşçülərimiz, torpaqlarımızın qorunması uğrunda canını fəda edən şəhidlərimiz gəlir. Lakin o daha geniş məfhumdur. Doğulduğun yerin, ölkənin hərtərəfli inkişafına çəkilən zəhmət də elə uğurlu vətənpərvərlik tərbiyəsinin nümunələridir. Mingəçevir məhz belə qəhrəman insanlar tərəfindən yaradılıb. Şəhərdə fəaliyyət göstərən media orqanlarının məsələyə kompleks yanaşmalarını görmək müsbət haldır. Şəhərin övladlarından 4 nəfərinin Milli Qəhrəman adına layiq görülmələri, 326 nəfərinin erməni işğalçılarına qarşı döyüşlərdə, daha 4 nəfərin Lələtəpənin alınmasında şəhid olmaları ənənənin möhkəm təməllərə söykəndiyindən xəbər verir”.

Layihənin ekspert, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə çıxışında mətbu orqanlarda layihə çərçivəsində apardığı monitorinqlərin, eləcə də ictimai müşahidələrin nəticələrini açıqlayıb. O bildirib ki, bir vaxtlar kütləvi informasiya vasitələrində hərbi vətənpərvərlik mövzusu ilə bağlı verilişlərin, tematik səhifələrin təqdimatı geniş yayılmışdı. Mövzuların yüksək səviyyədə təqdimatında KİV-lər arasında rəqabət gedirdi. Hazırda çox təəssüf bunlar demək olar nəzərə çapmır. Janr rəngarəngliyi, yazıların dili, üslubu, əksərinin bir-birinə bənzəməsi də ciddi narahatlığa, oxucu, dinləyici auditoriyasının itkisinə səbəb olur. Belə vəziyyətin aradan qaldırılması üçün ən əvvəl KİV rəhbərləri, media təmsilçiləri narahatlıq keçirməlidirlər.  

Tünzalə Seyidova direktoru olduğu şəhər 13 saylı orta məktəbin təhsil ocağının məzunu, alim, fədai övladı Noel Əlihüseyn oğlu Ahəngərinin adını daşıdığını, burada ilboyu keçirilən tədbirlərin əksəriyyətinin vətənpərvərlik mövzusu ilə bağlılığını bildirib: “Mediada vətənpərvərliklə bağlı mövzulara geniş ictimai tələb var. Amma xüsusilə aşağı sinif şagirdləri üçün mediada oxunaqlı yazılar axtarışında çətinliklərlə qarşılaşırıq. Mingəçevirdə çıxan “Bənövşə” jurnalının müsbət təcrübəsi öyrənilməyə dəyər”.

R. Hüseynzadə əlavə edib ki, şəhərdə yaşayan hər bir mingəçevirli kimi 1945-1946-cı illərin “21 Azər” Hərəkatının iştirakçıları və onların övladları da Azərbaycan uğrunda fədakarlığı özlərinə borc sayıblar. Noel də onlardan biridir. O, sonra ötən il yazıçı Əli Dəstinin çapdan çıxan, həmin qəbildən olan qəhrəmanlardan söhbət açan kitabını şəhidin doğmaları Nuriyə İsmayılovaya və Dilguşə Ahəngəriyə təqdim edib.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, əməkdar jurnalist Fərman Nəbiyev, “Mingəçevir” qəzetinin redaktoru Mirsədi Daşdəmirov isə vətənpərvərlik mövzusunun həmin mətbu orqanlarında necə işıqlandırıldığı təcrübəsinə söykənərək təkliflərini səsləndiriblər.

Eldar Dərişovun  (Mingəçevir Turizm Kolleci), Təranə Məmmədovanın (şəhər 3 saylı orta məktəb) və hərbi hazırlıq müəllimi Cəbrayıl Süleymanlının da çıxışlarında bir sıra maraqlı məqamlara toxunulub. Bu zaman müharibənin uduzulmadığına,  qələbənin öndə olduğuna, vətənpərvərlik mövzusunda cizgi filmlərinin nadir halda çəkildiyinə, məktəblərdə ibtidai hərbi hazırlıq otaqlarının yenidən bərpasına və digər məsələlərə toxunulub.  

Məqalə Qiyməti